“İQNA”-nın “Rusiya əl-Yəvm” xəbər portalına istinadla verdiyi məlumata görə, İsrailin iki illik müharibəsindən sonra Qəzza xalqının üzləşdiyi şiddətli soyuq dalğası fonunda Əzhər şeyxi bu bölgənin zərərçəkmiş sakinlərinin xilası üçün dünya ictimaiyyətinə müraciət edib.
Əl-Əzhərin şeyxi özünün Facebook səhifəsində yayımladığı mesajda bildirib: “Qəzzadakı ağır hava şəraiti bəşəriyyətin vicdanı üçün həqiqi bir imtahandır.”
O əlavə edib: “Təcavüz və soyqırımdan insan gücünün fövqündə sağ çıxan günahsız insanlar bu gün yağış, fırtına və şiddətli soyuqla üz-üzədirlər. Onların arasında qışın çətinliklərindən qorunmaq üçün heç bir sığınacağı olmayan uşaqlar da var.”
Mesajın davamında qeyd olunub: “Bu ağrılı mənzərə bütün dünya xalqlarını təcili mənəvi və insani məsuliyyət qarşısında qoyur. Bu məsuliyyət ya onların xilası üçün real həmrəylik, ya da onların ağrı və yaralarının daha da dərinləşməsində iştirak deməkdir.”
Qeyd etmək lazımdır ki, son iki ildə İsrail işğalçılarının Qəzzaya hücumları nəticəsində bu bölgədəki yaşayış evlərinin 85 faizdən çoxu dağıdılıb və ya ciddi zərər görüb. Hazırda təxminən iki milyon fələstinli sərt qış hava şəraiti ilə üzləşib.
4325161