“İQNA”-nın “Arabi 21”ə istinadla verdiyi xəbərə görə, “Arsenal” klubunun insan resursları və əməkhaqqı idarəetmə platforması ilə – sionist rejim tərəfindən təsis edilmiş “Deel” şirkəti ilə yeni əməkdaşlıq elan etməsi, klub azarkeşləri və Fələstin tərəfdarı fəallar arasında bu klubun dəyərləri və etik mövqeləri barədə ciddi mübahisələrə səbəb olub.
12 dekabrda “Arsenal” bir neçə illik müqavilə imzaladığını açıqlayaraq “Deel”i klubun rəsmi insan resursları tərəfdaşı elan edib. Klub rəsmən bu əməkdaşlığın yalnız insan resursları sahəsi ilə məhdud olduğunu təsdiqləsə də, çoxsaylı məlumatlara görə, “Deel” mövcud müqavilənin başa çatmasından sonra “Visit Rwanda” şirkətinin yerini tutaraq 2026–2027 mövsümündə komanda oyunçularının formalarının qol hissəsində öz adını yerləşdirə bilər.
Bu hadisə “Arsenal”ın ötən ay 2018-ci ildən davam edən və illik təxminən 10 milyon funt dəyərində olan “Visit Rwanda” ilə müqaviləsini uzatmayacağını açıqlamasından sonra baş verib.
Əvvəlki əməkdaşlıq, “Visit Rwanda”nın Konqo Demokratik Respublikasının şərqində M23 silahlı qruplaşmasını dəstəkləməsi səbəbindən “Arsenal” azarkeşləri və insan haqları təşkilatlarının davamlı tənqidlərinə məruz qalmışdı. Bu ilin əvvəlində “Arsenal” Azarkeşlər Fondu tərəfindən keçirilən sorğuda iştirakçıların 90 faizindən çoxu bu müqavilənin bitməsini dəstəklədiklərini bildirmişdi.
Bununla belə, “Deel” şirkəti ilə yeni əməkdaşlıq sosial mediada yeni bir qəzəb dalğası yaradıb və klubun humanitar prinsiplərdən çox israilli şirkətlərə üstünlük verdiyi iddialarını gündəmə gətirib. “Deel” şirkəti 2019-cu ildə israilli sahibkar Aleks Boaziz və Şu Vanq tərəfindən təsis edilib və hazırda təxminən 17,3 milyard dollar dəyərindədir.
Tənqidçilər Boazizin sionist rejimin işğalçılığını açıq şəkildə dəstəkləyən bəyanatlarına, həmçinin onun və əməkdaşlarının israilli əsgərlər üçün geyim və ləvazimatlar almasına diqqət çəkiblər. Onlar iddia ediblər ki, bu yeni əməkdaşlıq klubun bərabərlik və irqçiliklə mübarizə öhdəlikləri ilə, xüsusilə Qəzzada davam edən münaqişələr fonunda, ziddiyyət təşkil edir.
4325583