“İQNA”-nın “Sədyul-Bələd” qəzetinə istinadla verdiyi xəbərə görə, Misir Hafizlər və Qarilər İttifaqının rəsmi sözçüsü Məhəmməd əs-Saati bildirib ki, Məhəmməd əl-Məllah Pakistandan onunla əlaqə saxlayaraq bu hadisəni sərt şəkildə pisləyib.
Əl-Məllah bu danışığında deyib: “Baş verən hadisədən tamamilə təəccübləndim, gözləmədiyim bir şey idi. Mən yalnız tilavəti bitirdikdən sonra həmin vəziyyətdən xəbərdar oldum, çünki bütün diqqətim Quran tilavətinə yönəlmişdi. Mən Pakistan xalqının qarilərlə bu cür davranış mədəniyyətini dəyişdirməyə çalışmıram, amma tilavət zamanı qarinin üzərinə pul atılmasına (pul yağışı) qəti şəkildə qarşıyam.”
O əlavə edib: “Mərasimin videosunu gördükdə, üzrümü Hafizlər və Qarilər İttifaqının sədri şeyx Məhəmməd Həşada çatdırmağı özümə borc bildim və ona vurğuladım ki, bu hadisədə mənim heç bir günahım yoxdur. Bu, Pakistan xalqının qarilərə sevgi və məhəbbətini ifadə etmək üçün istifadə etdiyi bir mədəniyyət formasıdır.”
Əl-Məllah sonda deyib: “Allahın kitabını daşıyanlardan olmaqla fəxr edirəm. Mən mədrəsədə təhsil almışam və Əl-Əzhər Qiraətlər Mərkəzindən məzun olmuşam. Bu mərkəz elm çırağıdır. Mən Əl-Əzhərdən qiraətlər üzrə ixtisas sertifikatı almışam.”
O vurğulayıb: “Mən Misirin övladlarındanam – tilavət dövlətinin beşiyindən. Pakistanda tilavət zamanı baş verən gözlənilməz pul yağışı səhnəsinə görə üzr istəyirəm. Pakistanlıların misirli qarilərə hədsiz sevgisi çox vaxt onları təəccübləndirir və mədəniyyətimizə uyğun olmayan qeyri-adi davranışlara səbəb olur. Mən söz verirəm ki, bu səhnə gələcək tilavətlərimdə təkrarlanmayacaq. Böyük ehtimalla, Allahın izni ilə gələn Ramazan ayının əvvəlində vətənim – əziz Misirə qayıdacağam.”
Qeyd edək ki, yaxınlarda Məhəmməd əl-Məllahın Qurandan ayələr tilavət etdiyi bir video yayıldı. Tilavət zamanı bir neçə nəfər ona yaxınlaşaraq üzərinə pul atdı. Bu hərəkət Pakistan cəmiyyətində “nuqta” adı ilə tanınır və bəzi ictimai tədbirlərdə minnətdarlıq nişanı kimi qəbul edilir. Lakin misirlilər bu davranışı Qurani-Kərimlə bağlı olaraq qəribə və qəbuledilməz hesab edirlər.
Videonun yayılmasından sonra sosial şəbəkə istifadəçiləri arasında qəzəb dalğası yarandı. Bir çoxları bu səhnəni Qurani-Kərimin ucalığına və müqəddəsliyinə hörmətsizlik kimi dəyərləndirdi və pul yağışının bu formada qarinin nüfuzunu azaltdığını söylədi.
Bəzi istifadəçilər isə qarini dərhal etiraz etmədiyi və bu davranışı dayandırmadığı üçün tənqid edərək vurğuladılar ki, qarinin vəzifəsi məclisin vüqarını qorumaqdır.
Əl-Məllah daha əvvəl demişdi: “Hər bir qari Pakistana gedəndə ona pul verirlər və heç bir qari onlara bu işi etməmələrini deyə bilməz. Əgər kimsə etiraz etsə, onlar bunu təhqir kimi qəbul edirlər və böyük problem yarana bilər. Bu, onların mədəniyyətidir. Mən sadəcə təəccüblənirəm ki, insanlar niyə rəqqasəyə verilən pulla bu məsələni əlaqələndirirlər.”
4325632