“İQNA”-nın “Wakala Anba al-Mara”ya istinadla verdiyi xəbərə görə, Suriyanın şimal-şərqində yerləşən Qamışlı şəhərində keçirilən Demokratik İslam Konfransı dinin zorakılığı əsaslandırmaq üçün sui-istifadə edilməsinin təhlükələrinə və bunun Suriya cəmiyyətinin vəhdəti və mülki sülh üçün birbaşa təhdid olmasına diqqət çəkib.
Bu xəbərdarlıq Humus şəhərində şiə məscidində baş verən terror partlayışından sonra edilib. Konfransın Qadınlar Şurasının rəhbərlərindən biri olan Gülnaz Osman vurğulayıb ki, Suriyada dini məkanlara hücumların artması və din adı ilə törədilən cinayətlər mülki sülhə birbaşa təhdid, məzhəb qarşıdurmalarını alovlandıran və ölkəni parçalanma və daha çox qeyri-sabitliyə sürükləyən amildir.
Gülnaz Osman bu pozuntuların müxtəlif qruplar arasında gələcək birgəyaşayış üçün ciddi təhlükə yaratdığını bildirərək deyib: “Bu gün ölkədə məscidlərə və kilsələrə təkrar hücumlar dini diskursun təhlükəli şəkildə zəiflədiyini və dinin zorakılıq və qətl üçün vasitəyə çevrilməsi istiqamətində narahatedici dəyişimi göstərir.”
O, qeyd edib: “Vadi əz-Zəhəb məscidindəki partlayış xristian kilsələrinə hücumlardan sonra baş verdi. Bu, dini məkanların Suriya xalqına qarşı cinayətlərin meydanına çevrildiyini təsdiqləyir.”
Gülnaz Osman vurğulayıb: “Bu cinayətləri törədənlər İslama bağlı olduqlarını iddia edən ifratçı qruplardır. Onlar din adı ilə qətl və dağıntı törədirlər. Bu əməllərin İslam və müsəlmanlarla heç bir əlaqəsi yoxdur, əksinə, sülh, mərhəmət və insanlığa hörmət üzərində qurulmuş dəyərlərin açıq-aşkar təhrifidir.”
O əlavə edib: “Bu gün baş verənlər odur ki, müsəlmanlar İslam adı ilə müsəlmanları öldürürlər; bu, cəmiyyəti parçalamaq və qorxu ilə nifrəti yaymaq məqsədi daşıyan təhlükəli bir paradoksdur. Hücumların davam etməsi dini məkanları mənəvi sülh və rahatlıq məkanından qorxu ilə örtülmüş yerlərə çevirib. Bir çox insanlar indi hədəfə alınmaq qorxusundan bu məkanlara getməkdən çəkinirlər.”
O, vurğulayıb: “Suriya hazırda məzhəb qarşıdurmalarını alovlandırmaq, icmalar və məzhəblər arasında dərin ixtilaflar yaratmaq məqsədilə sistematik siyasətlərin şahididir. Ölkədə baş verən qətllər, adam oğurluqları və ciddi pozuntular dini örtük altında, zorakılığı əsaslandırmaq üçün təhlükəli bir cəhd kimi həyata keçirilir.”
4325817