“İQNA”, “Əl-Manar” kanalına istinadən xəbər verir ki, Hizbullah hərəkatı bəyanatında ABŞ-ın Venesuela Respublikasına qarşı terrorçu və zorakı təcavüzünü, paytaxt Karakası, həyati obyektləri, mülki infrastrukturları və yaşayış binalarını hədəf almasını, həmçinin Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşının həbsini müstəqil bir ölkənin milli suverenliyinin, beynəlxalq qanunların və BMT konvensiyalarının saxta və yalan bəhanələrlə misilsiz şəkildə pozulması kimi pislədiyini vurğulayıb.
Bəyanatda qeyd olunub: “ABŞ-ın bu təcavüzü, Amerika hökumətinin hegemonluq, istibdad və quldurluq siyasətinin yeni təsdiqidir. ABŞ heç bir maneə və açıq səbəb olmadan dünya sabitliyi və təhlükəsizliyinə məhəl qoymur, “qanun meşəsi”ni möhkəmləndirmək məqsədilə bu siyasəti həyata keçirir və qlobal sistemin qalıqlarını məhv edərək onu xalqlar və dövlətlər üçün təminat ola biləcək hər cür məzmundan məhrum etməyə çalışır”.
Hizbullah əlavə edib: “ABŞ, xüsusilə indiki prezidenti ilə, hələ də hegemonluq və hökmranlıq dəliliyini davam etdirir. O, azad ölkələri və xalqları təslim etməyə, onların sərvətlərini və imkanlarını talamağa, dövlətlərin xəritəsini dəyişmək məqsədilə müharibələrə rəhbərlik etməyə əsaslanan təcavüzkar siyasətlərini davam etdirir. ABŞ yalanla dünyada sülhün yayılmasını, demokratiyanı və xalqların öz taleyini müəyyən etmək azadlığını dəstəklədiyini iddia edir, lakin onun cinayətkar siması Əfqanıstandan tutmuş İraqa, Yəmənə, İrana qədər hər yerdə, terrorizmin yaradılması və ABŞ-ın öz əlaltısı – İsrail – vasitəsilə cinayətkar, təcavüzkar və müstəmləkəçi davranışların ortaq şəkildə həyata keçirilməsində aşkar olub. Dünya ictimaiyyəti isə bu təcavüzlər və ABŞ-ın zorakılığı qarşısında etiraz səsini ucaldıb həyəcan təbili çalmaq əvəzinə utandırıcı sükuta qərq olub. Halbuki bu gün Venesuelaya qarşı təcavüz, ABŞ hegemonluğunu qəbul etməyən və ona boyun əyməyən hər bir müstəqil dövlət üçün açıq bir təhdiddir”.
Bəyanatda həmçinin vurğulanıb: “Hizbullah Venesuela xalqı, rəhbərliyi və dövləti ilə ABŞ-ın bu təcavüz və zorakılığına qarşı mübarizədə tam həmrəyliyini bəyan edir. Bu zorakılıq Venesuelanın azad xalqının iradəsi qarşısında məğlub olacaq. Venesuela xalqı öz torpağında bütün hegemonluq və müstəmləkəçilik formalarına qarşı çıxıb və hər zaman dünyanın haqlı və məzlum məsələlərini, o cümlədən Fələstin məsələsini müdafiə edib”.
Hizbullah sonda bütün ölkələri, dövlətləri, xalqları və azad qrupları ABŞ-ın bu təcavüzünü pisləməyə, Venesuela və onun xalqının yanında dayanmağa və bu ölkənin suverenliyini və müstəqilliyini müdafiə etmək haqqını dəstəkləməyə çağırıb.
4326734