IQNA

HƏMAS: Netanyahunun Qəzzə Sülh Şurasında üzvlüyü ədalətlə ziddiyyət təşkil edir

0:55 - January 24, 2026
Xəbər sayı: 3499614
İQNA – HƏMAS hərəkatı, sionist rejimin baş naziri və Beynəlxalq Cinayət Məhkəməsinin təqib olunan şübhəlisinin sözdə Qəzzə Sülh Şurasında üzvlüyünü pisləyərək, bu hərəkəti narahatedici bir əlamət, ədalət və məsuliyyət prinsipləri ilə açıq-aşkar ziddiyyət təşkil edən bir tədbir kimi təsvir etdi.

“İQNA”, “Şəhab” agentliyinə istinadən xəbər verir ki, HƏMAS hərəkatı bildiriş yayaraq əlavə etdi: "Netanyahu Qəzzə zolağına qarşı müharibənin dayandırılması sazişinin həyata keçirilməsində maneə törətməyə davam edir və atəşkəs elan edilməsindən üç aydan çox vaxt keçməsinə baxmayaraq, mülki şəxsləri hədəf alaraq, məhəllələri və ictimai infrastrukturları dağıdaraq və köçkün mərkəzlərinə hücum edərək ən ağır təcavüzləri törətməyə davam edir."

HƏMAS davamında sionist rejiminin terrorizmin əsas kökü olduğunu bildirdi və işğalın davam etməsinin regional və beynəlxalq təhlükəsizlik və sülh üçün birbaşa təhdid olduğunu vurğuladı.

Hərəkat aydın şəkildə ifadə etdi ki, sabitliyin qurulması üçün ilk addım, sionist rejiminin təcavüzünün dərhal dayandırılması, işğalın tamamilə və geri dönmədən sona çatdırılması və başında müharibə cinayətkarı Binyamin Netanyahunun durduğu soyqırım və təşkilatlı aclıq siyasətinin bütün törədicilərinin mühakimə edilməsidir.

Daha əvvəl, İşğalçı İsrail rejiminin baş nazirinin ofisi çərşənbə günü Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampın Qəzzə Sülh Şurasına qoşulmaq üçün dəvətini qəbul etdiyini elan etmişdi.

Tramp bundan əvvəl onlarla ölkəni və tərəfi Qəzzə Sülh Şurasına qoşulmağa dəvət etmişdi. Bu Şura Qəzzə müharibəsinə son qoymağa kömək etmək iddiası ilə yaradılıb. Tramp ilk olaraq bu ideyanı sentyabr ayında irəli sürmüşdü, lakin rəsmi dəvət keçən həftə dünya liderlərinə göndərildi.

4329812

captcha