IQNA

Sidneydəki məscidə ikinci hədələyici məktub göndərilməsindən sonra polis araşdırmaya başladı

8:16 - February 06, 2026
Xəbər sayı: 3499694
İQNA – Sidneynin qərbində yerləşən Lakemba məscidinə ikinci hədələyici məktubun göndərilməsindən sonra şəhər polisi bu əməli törədən şəxslərin müəyyənləşdirilməsi üçün araşdırmaya başlayıb.

“İQNA”-nın “SBS”‑ə istinadən verdiyi məlumata görə, Sidneydə bir məscid ikinci dəfə yandırılacağına dair hədələyici məktub alıb və bu, müsəlman icması arasında qorxunu artırıb.

Bu təxribatçı məktubda içərisində namaz qılan insanların olduğu yanan məscidin əl ilə çəkilmiş təsviri və irqçi ifadələr yer alıb.

Çərşənbə günü axşam saatlarında Sidneynin qərbində yerləşən Lakemba məscidinə göndərilən bu məktubun son 10 gün ərzində məscidə göndərilən ikinci hədələyici məktub olduğu bildirilir. Yanvar ayının sonunda 70 yaşlı bir kişi ölüm və ya ağır bədən xəsarəti ilə hədələyən məktub göndərməkdə ittiham olunmuşdu.

Yeni Cənubi Uelsin baş naziri Kris Minnz bildirib: “Yeni Cənubi Uelsdə nifrətə və qorxutmaya yer yoxdur.” O deyib ki, məscidə edilən hədələrdən sonra Lakemba məscidini idarə edən Livan Müsəlmanları Assosiasiyası ilə danışaraq onlara dəstəyini ifadə edib.

Minnz çərşənbə gecəsi verdiyi bəyanatda deyib: “İnsanlar mərasimlərdə iştirak etməli və namaz qılmalı, bunu isə qorxu və təhdid olmadan edə bilməlidirlər. Məsələ Yeni Cənubi Uels polisinə təqdim olunub və araşdırılır.”

Polis sözçüsü bildirib ki, məktub detektivlər tərəfindən götürülüb və kriminal ekspertiza tərəfindən araşdırılacaq.

Livan Müsəlmanları Assosiasiyasının katibi Camal Xeyr deyib ki, bu hədə bir təsadüf deyil. O, SBS‑in ərəb xidmətinə bildirib: “Bu, son 10 gündə qarşılaşdığımız ikinci hadisədir. Bir neçə məscid daha əvvəl hədəf alınıb. Biz qəbiristanlıq ətrafında donuz başları tapmışıq.”

O əlavə edib: “Bu səbəbdən bu hadisə təsadüfi deyil və daha narahatedici olan odur ki, icma üzvlərinin artan sayı bizimlə əlaqə saxlayaraq bildirir ki, artıq uşaqlarını təkbaşına məktəbə göndərməkdə özlərini təhlükəsiz hiss etmirlər. Onlar alış-veriş mərkəzinə və ya mağazaya tək getməkdən də narahatdırlar.”

Xeyr deyib: “Bu, narahatedicidir, çünki bu, bizim sevdiyimiz Avstraliya deyil — tolerantlıq və qarşılıqlı qəbulun olduğu Avstraliya deyil.”

14 dekabrda Bondidə baş vermiş və yəhudilərin Xanuka bayramı zamanı 15 nəfərin öldürüldüyü terror hücumundan sonra sosial gərginlik yüksək olaraq qalır.

Hücumun Sacid və Nəvid Əkrəm adlı ata və oğul tərəfindən törədildiyi bildirilir. Səcid atışma zamanı öldürülüb, Navid isə qətl və terrorla bağlı çoxsaylı ittihamlarla üzləşir.

Ötən ilin sonunda Avstraliya Milli İmamlar Şurası bəyan etmişdi ki, bu hücumdan sonra müsəlman icmaları “ədalətsiz şəkildə araşdırılır və dolayı yolla zorakı hərəkətlərdə günahlandırılır”.

Avstraliya İslamofobiya Qeydiyyat Bürosunun məlumatına görə, Bondi hücumundan sonra islamofobiya halları 740 faiz artıb.

4332571

Teqlər: sidney ، məscid ، məktub ، polis ، təhdid
captcha