“İQNA”-nın “Bernama” agentliyinə istinadən verdiyi xəbərə görə, bu Quran nüsxələri Malayziya hökumətinin İslam dəyərlərinin və Quran elmlərinin dünyanın müxtəlif bölgələrində yayılmasına sadiqliyini göstərən proqram çərçivəsində ABŞ-ın Vaşinqton şəhərinə, Fil Dişi Sahilinə və Qanaya göndərilib.
Malayziyanın dini işlər naziri Zülkifli Həsən bildirib ki, bu layihə “Nəsrül-Quran” Assambleyasının təşəbbüsü, “Restu” Fondu və xeyriyyəçilərin əməkdaşlığı ilə həyata keçirilib.
Nazir cümə günü Vaşinqton, Fil Dişi Sahili və Qanaya göndərilən iki konteynerlik Quran tərcüməsi yükünün təqdimat mərasimində deyib: bu addım “Bir milyon Quran vəqfi üçün həmrəylik” layihəsi çərçivəsində, Malayziyanın baş naziri Ənvər İbrahimin göstərişlərindən ilhamlanaraq, Qurani-Kərimin çoxdilli tərcümələri vasitəsilə onun mesajını bütün dünyaya yaymaq məqsədilə həyata keçirilib.
Dini işlər naziri əlavə edib: Quran nüsxələrinin göndərilməsi sadəcə logistika işi deyil, həm də təbliğat və humanitar məsuliyyətdir. Bu, Malayziyanın İslamın bütün bəşəriyyət üçün rəhmət olduğunu düzgün şəkildə tanıtmaq istiqamətində qlobal səviyyədə strateji tərəfdaş rolunu nümayiş etdirir.
Zülkifli Həsən sonda bildirib ki, Malayziya indiyədək müxtəlif dillərdə Quran tərcümələrini dünyanın 40-dan çox ölkəsinə göndərib.
4332751