“İQNA”-nın “Mubtəda”ya istinadən verdiyi xəbərə görə, Ramazan ayının yaxınlaşması ilə gözəl səsli Quran qiraəti sevənlər “Dövlətüt-Tilavə” proqramının final bölümünü səbirsizliklə gözləyirlər. Bu bölüm bu həftənin çərşənbə günü (28 bəhmən), Misirdə Ramazan hilalının müşahidəsindən dərhal sonra yayımlanacaq.
Bu mərhələ Misirdə keçirilən ən böyük Quran tilavəti yarışmasında gənc və yeni istedadlı qarilərin səylərini təqdir etmək məqsədi daşıyan bir Quran bayramı hesab olunur.
Yarışmanın final mərhələsi münsiflər heyətini və tamaşaçıları öz qiraətləri ilə təsirləndirən beş misirli qarinin iştirakı ilə keçiriləcək. Onlar bunlardır:
Məhəmməd Əhməd Həsən, Məhəmməd əl-Qillaci, Məhəmməd Məhəmməd Kamil, Əhməd Məhəmməd Əli və Əşrəf Seyf.
Final gecəsində qiraətin icrasına əsasən bir nəfər tərtil üzrə, bir nəfər isə təcvüd üzrə birinci yerin qalibi elan ediləcək.
Misir Vəqflər Nazirliyi və yarışmanın təşkilat komitələri qaliblər üçün dəyərli mükafatlar nəzərdə tutub. Hər iki sahə üzrə birinci yerin qalibi 1 milyon Misir funtu alacaq və Qurani-Kərimin tam mətni onun səsi ilə səsləndirilərək “Misr Quran Kərim” peyk kanalında yayımlanacaq.
Qaliblər, həmçinin Ramazan ayında sünni ənənəsinə görə qılınan təravih namazlarında Qahirədəki İmam Hüseyn (ə) məscidində imamlıq edəcəklər.
İkinci yerin qalibi 500 min Misir funtu, üçüncü yerin qalibi isə 250 min Misir funtu əldə edəcək. Bundan əlavə, 32 iştirakçı arasından seçilən üç nəfərə xalq səsverməsi üzrə xüsusi mükafatlar veriləcək.
Misirin müftisi Nəzîr İyad bağlanış mərasiminin fəxri qonağı olacaq və proqramın final bölümü “ən-Nas”, “əl-Həyat”, “Misr Quran Kərim”, CBC televiziya kanallarında, həmçinin Watch It platformasında və Misir Vəqflər Nazirliyinin rəsmi sosial media səhifələrində yayımlanacaq.
4334367