“İQNA”-nın “Əl-Aləm”ə istinadən verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim, Əli Əkbər Vilayətiyə — İran İslam Respublikasının beynəlxalq məsələlər üzrə ali rəhbərin müşavirinə — göndərdiyi məktubda İranın müqavimətə və Fələstin xalqına verdiyi dəstəyin roluna toxunaraq vurğulayıb ki, Hizbullah son döyüşdə komandanların şəhadətinə və geniş dağıntılara baxmayaraq, düşmənin təcavüz hədəflərini boşa çıxarmağı bacarıb.
O məktubda bildirib ki, Dr. Vilayətinin məktubu ona təxminən üç həftə gecikmə ilə çatıb və cavabın gecikməsi də bununla bağlıdır. Qasim əlavə edib ki, Hizbullah, Dr. Vilayətinin təşkilatın ilk quruluş mərhələlərində və onun xarici işlər naziri olduğu dövrdə göstərdiyi səyləri və dəstəyi heç vaxt unutmayacaq.
Şeyx Nəim Qasim İran İslam İnqilabının qələbəsini “ilahi bir böyük nemət” adlandıraraq qeyd edib ki, İran İslam Respublikası Şərq və Qərb qarşısında dini yenidən dirçəldib və həmişə Fələstinin və dünya məzlumlarının yardımçısı olub.
Hizbullah baş katibi həmçinin İranın son 47 ildə — o cümlədən İraqın təcavüzkar müharibəsi və “Amerikanın təkəbbürü və sionistlərin cinayətləri” ilə müşayiət olunan 12 günlük müharibə dövründə — müharibələrə və sanksiyalara qarşı göstərdiyi müqaviməti İslam İnqilabının orijinallığının və İran xalqının ləyaqətinin göstəricisi kimi qiymətləndirib və Sepahın, eləcə də İranın hərbi və təhlükəsizlik qüvvələrinin fədakarlıqlarını yüksək dəyərləndirib.
O, məktubun davamında ali rəhbərin məqamını uca tutaraq Ayətullahül-uzma Seyyid Əli Xameneinin cəsarətini və sabitliyini İran İslam Respublikasının davamlılığının əsas amillərindən biri adlandırıb.
Şeyx Nəim Qasim həmçinin Hizbullahın 64 günlük “Əvvəlül-Bəs” adlanan döyüşünə toxunaraq bildirib ki, müqavimətin Seyyidül-şühəda Seyid Həsən Nəsrullahın, Seyid Haşim Səfid-dinin və bir sıra komandanların və döyüşçülərin şəhadətindən sonra bu döyüş qanlı və amansız şəkildə davam edib. Bununla belə, müqavimət ilahi yardım ilə yolunu davam etdirib və düşmənin Hizbullahı məhv etmək məqsədini puça çıxarıb.
O vurğulayıb: “Müqavimət cəmiyyəti sadiq, məhdəvi və şəhadətə hazır bir cəmiyyətdir və sabit addımlarla yoluna davam edir.”
Hizbullah baş katibi məktubunun sonunda “وَکانَ حَقًّا عَلَینا نَصرُ المُؤمِنین” ayəsinə istinad edərək duaların və dəstəyin davamını istəyib və İran xalqının, eləcə də İran İslam Respublikasının Amerika və sionist düşmənlər qarşısında qələbəsi üçün dua edib.
4334445