IQNA

Ali Rəhbərin ilk mesajı:

Xalqın tələbi təsirli və peşimanedici müdafiənin davamıdır

6:19 - March 13, 2026
Xəbər sayı: 3499916
İQNA – Ayətullah Seyid Müctəba Hüseyni Xamenei xalqına ünvanladığı ilk mesajında buyurub: “Əziz döyüşçü qardaşlar! Xalq kütlələrinin tələbi təsirli və peşimanedici müdafiənin davam etdirilməsidir. Həmçinin Hörmüz boğazının bağlanması rıçağından istifadə mütləq davam etməlidir. Düşmənin təcrübəsinin az olduğu və ciddi şəkildə zərbə alacağı digər cəbhələrin açılması barədə araşdırmalar aparılıb və müharibə vəziyyəti davam edərsə, məsləhətlərə uyğun olaraq aktivləşdiriləcək.”

“İQNA”-nın məlumatına görə, Ayətullahül-uzma Seyid Müctəba Hüseyni Xameneinin İslam İnqilabının Ali Rəhbəri kimi ilk mesajının tam mətni belədir:

Bismillahir-rəhmanir-rəhim

مَا نَنسَخْ مِنْ ءَآیَةٍ أَوْ نُنسِهَا نَأتِ بِخَیْرٍ مِّنْهَآ اَوْ مِثْلِها

اَلسَّلامُ‌عَلَیکَ یا داعِیَ‌اللهِ وَ رَبّانِیَّ آیاتِهِ، اَلسَّلامُ‌عَلَیکَ یا بابَ‌‌اللهِ وَ دَیّانَ دینِهِ، اَلسَّلامُ‌عَلیکَ یا خَلیفَةَ‌اللهِ و ناصِرَ حَقِّهِ، اَلسَّلامُ‌عَلیکَ یا حُجَّةَ‌ا‌للهِ وَ دَلیلَ اِرادَتِه؛ اَلسَّلامُ‌عَلیکَ اَیُّهَا المُقَدَّمُ المَأمُول؛ اَلسَّلامُ‌عَلیکَ بِجَوامِعِ السَّلام؛ اَلسّلامُ‌عَلیکَ یا مَولایَ صاحِبَ الزَّمان.

Sözümün əvvəlində, möhtərəm ağam – Həzrət Sahibəz-Zamanın (ə.f) hüzuruna, əziz, müdrik və böyük inqilab rəhbəri Xameneinin (r.ə) ürəkdağlayan şəhadəti münasibətilə başsağlığı verirəm. O həzrətdən böyük İran xalqının hər bir fərdi, bütün dünya müsəlmanları, İslam və İnqilab xidmətçiləri, İslam hərəkatı şəhidlərinin ailələri, xüsusilə də son müharibənin fədailəri üçün dua etməsini, həmçinin bu aciz bəndə üçün xeyir-dua diləyirəm.

İkinci hissə – İran xalqına müraciət

Əvvəlcə Xobrəqan Məclisinin qərarı ilə bağlı öz mövqeyimi qısa şəkildə bəyan etməliyəm. 

Bu xidmətçiniz – Seyid Müctəba Hüseyni Xamenei – sizinlə eyni zamanda və İran İslam Respublikasının televiziyası vasitəsilə Xobrəqan Məclisinin qərarından xəbərdar oldum.

Mənim üçün iki böyük rəhbərin – Böyük İmam Xomeyninin və şəhid Xameneinin – oturduğu bir məqamda əyləşmək son dərəcə çətindir. Çünki bu kürsü, Allah yolunda 60 ildən çox mübarizə aparmış, bütün ləzzətlərdən və rahatlıqlardan keçmiş, yalnız bu dövrün deyil, bu ölkənin bütün tarixinin ən parlaq simalarından birinə çevrilmiş bir şəxsə məxsus idi. Onun həm həyatı, həm də şəhadəti haqqın izzəti ilə yoğrulmuşdu.

Mən şəhadətindən sonra onun mübarək cənazəsini ziyarət etmək şərəfinə nail oldum; gördüyüm şey bir möhkəmlik dağı idi və eşitdim ki, sağlam əlini yumruq şəklində sıxmışdı. Onun şəxsiyyətinin müxtəlif cəhətləri barədə bilənlər uzun müddət danışmalıdırlar. Bu məqamda qısa şəkildə kifayətlənir, təfərrüatları münasib fürsətlərə saxlayıram.

Belə bir şəxsiyyətdən sonra rəhbərlik kürsüsünə oturmaq çətinliyinin səbəbi budur. Bu məsafəni yalnız Allahın köməyi və sizin – əziz xalqın – dəstəyi ilə qət etmək mümkündür.

Mövzunun davamında, sözümün əsas məzmunu ilə birbaşa əlaqəsi olan bir məqamı vurğulamaq zəruridir. Bu məqam budur ki, şəhid rəhbərin və onun böyük sələfinin ən mühüm sənətlərindən biri xalqı bütün sahələrə daxil etmək, onlara daimi şəkildə bəsirət və ayıqlıq vermək və əməli səviyyədə onların gücünə arxalanmaq idi. Onlar məhz bu şəkildə “xalq” və “xalq hakimiyyəti”nin həqiqi mənasını reallaşdırdılar və buna qəlbən inanırdılar.

Bu həqiqətin açıq təsiri son günlərdə – ölkə rəhbərsiz və Silahlı Qüvvələrin baş komandanı olmadan qaldığı müddətdə – tam şəkildə görünmüş oldu. Böyük İran xalqının son hadisədəki bəsirəti, ayıqlığı, dözümü, şücaəti və meydandakı iştirakı dostları heyran, düşmənləri isə mat qoydu. Məhz siz xalq idiniz ki, ölkəni idarə etdiniz və onun qüdrətinə təminat verdiniz.

Bu yazının əvvəlində gətirdiyim ayənin mənası budur ki, Allah-Taalanın heç bir ayəsi yoxdur ki, ya müddəti tamam olsun, ya da unudulsun, məgər ki, onun yerinə Allah tərəfindən daha yaxşısı və ya ən azı bənzəri verilsin.

Bu ayəni zikr etməyimin səbəbi bu deyil ki, bu aciz bəndə şəhid rəhbərin səviyyəsində olum, nəinki ondan üstün tutulum. Əksinə, ayəni gətirməyimin məqsədi siz əziz xalqın yerində və çox mühüm roluna diqqət çəkməkdir. Əgər o böyük nemət bizdən alındısa, onun əvəzində yenidən İran xalqının “Əmmarvari” iştirakı bu sistemə bəxş edildi.

Bilin ki, sizin gücünüz səhnədə görünməsə, nə rəhbərlik, nə də xalqın xidmətçisi olmaq şərəfinə malik olan digər qurumlar lazımi fəaliyyət göstərə bilməzlər.

Bu həqiqətin daha yaxşı gerçəkləşməsi üçün:

Birincisi:

Allah-Təalanı yad etmək, Ona təvəkkül etmək və məsumların (ə) pak nuruna təvəssül etmək “əksir-i əzəm” və “kibrit-i əhmer” kimi dəyərləndirilməlidir. Çünki bütün açılışların və düşmənə qəti qələbənin təminatçısı budur. Bu böyük üstünlük sizdə var, düşmənlərinizdə isə yoxdur.

İkincisi:

Xalqın bütün təbəqələri arasında birlik pozulmamalıdır. Xüsusilə çətin zamanlarda bu birlik daha çox özünü göstərir. Bu da ixtilaf nöqtələrindən keçməklə əldə olunur.

Üçüncüsü:

Səhnədə təsirli iştirak qorunmalıdır; istər son günlərdə və gecələrdə müharibə zamanı göstərdiyiniz kimi, istərsə də müxtəlif ictimai, siyasi, tərbiyəvi, mədəni və hətta təhlükəsizlik sahələrində təsirli rol almaqla. Əsas məsələ budur ki, düzgün rol, ictimai birliyə xələl gətirmədən yaxşı dərk edilsin və imkan daxilində həyata keçirilsin. Rəhbərliyin və bəzi digər məsul şəxslərin vəzifələrindən biri də bu rolların bir qismini xalqa və müxtəlif təbəqələrə xatırlatmaqdır. Bu baxımdan 1447-ci ilin Qüds günü mərasimində iştirakın əhəmiyyətini yada salıram; burada düşməni sındıran amil hamı tərəfindən nəzərə alınmalıdır.

Dördüncüsü:

Bir-birinizə yardım və kömək göstərməkdən çəkinməyin. Şükürlər olsun ki, İran xalqının böyük əksəriyyətinin daimi xüsusiyyəti məhz budur. Gözlənilir ki, bu xüsusi günlərdə – təbii olaraq bəzi insanlar üçün daha ağır keçən zamanlarda – bu xüsusiyyət daha parlaq şəkildə təzahür etsin. Bu münasibətlə xidmət qurumlarından da istəyirəm ki, əziz xalqın ehtiyac içində olan təbəqələrinə və xalqın yardım strukturlarına hər cür dəstək və köməyi əsirgəməsinlər.

Əgər bu məsələlərə riayət olunarsa, əziz xalqımızın əzəmət və şöhrət günlərinə çatması üçün yol hamar olacaq. Onun ən yaxın nümunəsi, Allahın izni ilə, hazırkı müharibədə düşmənə qarşı qələbə ola bilər.

Sözümün üçüncü hissəsi, qəhrəman döyüşçülərimizə səmimi təşəkkürdür. Xalqımız və əziz vətənimiz zalımcasına istikbar cəbhəsinin başçıları tərəfindən hücuma məruz qaldığı bir şəraitdə, onlar öz sarsıdıcı zərbələri ilə düşmənin yolunu bağladılar və onları bu əziz vətənə hakim olmaq, hətta onu parçalamaq kimi xam xəyallardan uzaqlaşdırdılar.

Əziz döyüşçü qardaşlar! Xalq kütlələrinin tələbi təsirli və peşimanedici müdafiənin davam etdirilməsidir. Həmçinin Hörmüz boğazının bağlanması rıçağından istifadə mütləq davam etməlidir. Düşmənin təcrübəsinin az olduğu və ciddi şəkildə zərbə alacağı digər cəbhələrin açılması barədə araşdırmalar aparılıb və müharibə vəziyyəti davam edərsə, məsləhətlərə uyğun olaraq aktivləşdiriləcək.

Həmçinin müqavimət cəbhəsinin döyüşçülərinə də səmimi təşəkkürümü bildirirəm. Biz müqavimət cəbhəsi ölkələrini öz ən yaxşı dostlarımız hesab edirik və müqavimət və müqavimət cəbhəsi İslam İnqilabının ayrılmaz dəyərlərindəndir. Şübhəsiz ki, bu cəbhənin müxtəlif hissələrinin bir-biri ilə həmrəyliyi sionist fitnəsindən qurtuluş yolunu qısaldır. Necə ki, gördük: şücaətli və mömin Yəmən Qəzzənin məzlum xalqını müdafiə etməkdən əl çəkmədi; fədakar Hizbullah bütün maneələrə baxmayaraq İran İslam Respublikasının köməyinə gəldi; İraq müqaviməti də eyni xətti cəsarətlə davam etdirir.

Sözümün dördüncü hissəsi isə son günlərdə bir şəkildə zərər görmüş insanlara ünvanlanır. İstər əzizlərinin şəhadət acısını yaşamış olsunlar, istər yaralanmış olsunlar, istərsə də evlərinə, ocaqlarına və ya iş yerlərinə ziyan dəymiş olsun.

Bu hissədə ilk olaraq uca şəhidlərin ailələrinə dərin həmrəyliyimi bildirirəm. Bu, mənimlə onların ortaq təcrübəsinə əsaslanır. Atamın şəhadəti ümumi bir dərd olsa da, mən həmçinin ümid bəslədiyim əziz və vəfalı həyat yoldaşımı, valideynlərinə xidmətə həsr olunmuş fədakar bacımı və onun kiçik övladını, eləcə də digər bacımın elmli və ləyaqətli həyat yoldaşını şəhidlər karvanına təhvil vermişəm.

Lakin müsibətlərə səbir etməyi mümkün, hətta asan edən şey, Allah-Taalanın səbir edənlər üçün vəd etdiyi qəti və böyük mükafatı xatırlamaqdır. Buna görə də səbir etmək, Allah-Taalanın lütfünə və köməyinə ümid və etimad bəsləmək lazımdır.

İkincisi, hamıya bu əminliyi verirəm ki, biz sizin şəhidlərinizin qanının intiqamından heç vaxt əl çəkməyəcəyik. Nəzərdə tutduğumuz intiqam yalnız böyük inqilab rəhbərinin şəhadəti ilə bağlı deyil; düşmən tərəfindən şəhid edilən xalqın hər bir üzvü intiqam dosyesində ayrıca bir mövzudur. Əlbəttə, bu intiqamın kiçik bir hissəsi indiyədək əməli şəkildə həyata keçib, lakin tam şəkildə yerinə yetirilməyənə qədər bu dosye digər bütün dosyelərin üstündə qalacaq və xüsusilə də uşaqlarımızın qanı məsələsində daha həssas olacağıq. Buna görə də düşmənin Minab şəhərindəki “Şəcərəyi-Tayyibə” məktəbinə və bənzər hallara qarşı qəsdən törətdiyi cinayətlər bu araşdırmada xüsusi yerə malikdir.

Üçüncüsü, bu hücumlarda yaralanan qazilər mütləq şəkildə uyğun tibbi xidmətləri pulsuz almalı və bəzi digər imtiyazlardan faydalanmalıdırlar.

Dördüncüsü, hazırkı vəziyyət imkan verdiyi qədər şəxsi mülklərə və obyektlərə dəyən maddi ziyanın ödənilməsi üçün kifayət qədər, müəyyən edilmiş və icra olunan tədbirlər görülməlidir. Bu iki son məsələ hörmətli məsul şəxslər üçün mütləq icra olunmalı bir vəzifədir və onlar bunu həyata keçirib mənə hesabat verməlidirlər.

Xatırlatmalı olduğum bir məqam budur ki, biz hər halda düşməndən təzminat alacağıq və əgər o bundan imtina etsə, lazım bildiyimiz qədər onun malından götürəcəyik və bu da mümkün olmazsa, həmin miqdarda onun malını məhv edəcəyik.

Sözümün beşinci hissəsi bəzi region ölkələrinin rəhbərləri və təsirli təbəqələrinə ünvanlanır. Bizim 15 ölkə ilə quru və ya dəniz sərhədimiz var və həmişə onlarla isti və konstruktiv əlaqələr qurmaq istəmişik və istəyirik. Lakin düşmən illərdir ki, bu ölkələrin bəzilərində hərbi və maliyyə bazaları yaradaraq region üzərində nəzarətini təmin etməyə çalışır. Son hücumda bu hərbi bazalardan bəziləri istifadə olundu və biz də açıq şəkildə xəbərdarlıq etdiyimiz kimi, həmin ölkələrə heç bir zərər vermədən yalnız həmin bazaları hədəfə aldıq. Bundan sonra da məcburən bu işi davam etdirəcəyik; baxmayaraq ki, yenə də bu qonşularımızla dostluğun vacibliyinə inanırıq.

Bu ölkələr əziz vətənimizə təcavüz edənlər və xalqımızın qatilləri ilə bağlı mövqelərini müəyyən etməlidirlər. Mən tövsiyə edirəm ki, bu bazaları bir an əvvəl bağlasınlar; çünki indiyə qədər anlamış olmalıdırlar ki, ABŞ-ın təhlükəsizlik və sülh yaratmaq iddiası sadəcə bir yalandır.

Əgər bu məsələlərə riayət olunarsa, əziz xalqımızın əzəmət və şöhrət günlərinə çatması üçün yol hamar olacaq. Onun ən yaxın nümunəsi, Allahın izni ilə, hazırkı müharibədə düşmənə qarşı qələbə ola bilər.

Bu iş onların öz xalqları ilə — ki, ümumiyyətlə küfr cəbhəsi ilə əməkdaşlıqdan və onun təhqiramiz davranışlarından narazıdırlar — daha çox yaxınlaşmasına və nəticədə sərvət və güclərinin artmasına səbəb olacaq. Bir daha təkrar edirəm: İran İslam Respublikası bölgədə heç bir hökmranlıq və ya müstəmləkəçilik yaratmaq niyyətində olmadan, bütün qonşuları ilə isti, səmimi və qarşılıqlı münasibətlər qurmağa tam hazırdır.

Sözümün altıncı hissəsi — şəhid rəhbərimizə müraciət

Ey rəhbər! Sizin gedişiniz hamının qəlbinə ağır bir yara vurdu. Siz həmişə belə bir aqibətə can atırdınız və nəhayət, Uca Allah bu aqibəti Ramazan ayının onuncu gününün sübhündə, Qurani-Kərim tilavəti halında sizə nəsib etdi. Siz çoxlu zülmləri qüdrətlə və səbir ilə dözdünüz, bir an belə əyilmədiniz. Bir çoxları sizin həqiqi dəyərinizi tanımadı və bəlkə də uzun zaman keçəcək ki, pərdələr kənara çəkilsin və şəxsiyyətinizin müxtəlif cəhətləri aşkar olsun.

Ümid edirik ki, pak nur sahibləri, siddiqinlər, şəhidlər və övliyalarla yanaşı əldə etdiyiniz yüksək məqamdan, yenə də bu xalqın və bütün müqavimət cəbhəsi xalqlarının tərəqqisi üçün düşünmüş və onlar üçün şəfaət etmiş olasınız; necə ki, dünya həyatınızda da belə idiniz. Biz sizinlə əhd bağlayırıq ki, haqq cəbhəsinin əsas bayrağı olan bu bayrağın ucalması və sizin müqəddəs məqsədlərinizə çatmaq üçün bütün varlığımızla çalışacağıq.

Sözümün yeddinci hissəsi — təşəkkür

Məni dəstəkləyən bütün böyük şəxsiyyətlərə — o cümlədən möhtərəm mərcəyi-təqlidlərə, müxtəlif mədəni, siyasi və ictimai simalara, həmçinin möhtəşəm toplantılarda sistemə yenidən beyət etmək üçün iştirak edən xalqın bütün təbəqələrinə — təşəkkürümü bildirirəm. Həmçinin üç hakimiyyət qolunun məsullarına və Müvəqqəti Rəhbərlik Şurasına göstərdikləri düzgün tədbirlər və fəaliyyətlərə görə təşəkkür edirəm.

Ümidvaram ki, bu bərəkətli saatlarda və feyzli günlərdə Allahın xüsusi lütfləri bütün İran xalqını, eləcə də bütün müsəlmanları və dünya məzlumlarını əhatə etsin.

Və nəhayət, mövlamız Həzrət Sahibəz-Zamanın (əc) hüzurundan istəyirəm ki, Qədr gecələrinin və mübarək Ramazan ayının qalan günlərində Uca Allahdan xalqımız üçün düşmənə qarşı qəti qələbə, izzət, genişlik və salamatlıq, dünyadan köçənlər üçün isə uca məqamlar və axirət səadəti diləsin.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkətuh

Seyid Müctəba Hüseyni Xamenei

21 / isfənd / 1404 

22 / Ramazanül-mübarək / 1447

4340266

captcha