“İQNA”-nın Mərakeş Milli Kitabxanasının informasiya portalına istinadən verdiyi məlumata görə, cümə axşamı – 12 mart tarixində bu kitabxanada Qurani-Kərimin nadir əlyazmalarından ibarət sərginin açılışı keçirilib. Tədbirdə siyasi və mədəni şəxslər, tədqiqatçılar və sənətçilər iştirak ediblər.
Bu sərgidə kitabxanada qorunan dəyərli Qurani-Kərim əlyazmalarının bir qismi ictimaiyyətin nümayişinə təqdim olunub.
Mübarək Ramazan ayı münasibətilə təşkil edilən və mart ayının sonuna qədər davam edəcək sərgi, bu torpaqda əsrlər boyunca Qurani-Kərimin kitabət və səhifə-tərtibatı sənətinin inkişafını əks etdirir.
Sərginin məqsədi əsrlər boyu Mərakeş sultanları, alimləri, fəqihləri və sənətkarlarının Qurani-Kərimə xidmət istiqamətində göstərdikləri səyləri tanıtmaqdır.
Sərginin ən mühüm bölmələrindən biri sultanlara aid olan mushaflardır. Ziyarətçilər həmçinin ölkənin mədrəsələrində istifadə olunan “müshəfi Muhəmmədi” nümunələri ilə tanış olur, bununla yanaşı sərgidə multimedia bölmələri və fotoekspozisiyalar da fəaliyyət göstərir.
Sərginin bir hissəsi Mərakeş kralı VI Məhəmmədin hakimiyyəti dövründə nəşr olunmuş Qurani-Kərim nüsxələrinə həsr edilib.
Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Məhəmməd əl-Mehdi bin Səid sərginin açılış mərasimində çıxış edərək bildirib: “Bu sərgi yalnız qədim əlyazmaların nümayişi deyil, həm də bu torpaqda əsrlər boyunca Qurani-Kərimə xidmət və onun ən gözəl şəkildə kitabət olunması üçün göstərilən səylərin təqdir və ehtiramıdır.”
4340685