“İQNA”-nın məlumatına görə, Hizbullahın baş katibi göndərdiyi mesajda Ayətullahül-uzma Seyid Müctəba Xameneinin (müdəzzilluhul-ali) İslam İnqilabının ali rəhbəri seçilməsini təbrik edib.
Hizbullah baş katibinin mesajı belədir:
Bismillahir-Rahmənir-Rahim
Həzrət Ayətullahül-uzma Seyid Müctəba Xameneinin (müdəzzilluhul-ali) mübarək hüzuruna
Böyük sevinc və qürurla, İran İslam Respublikasında Xobrəqan Məclisi tərəfindən Sizin ali şəxsiyyətinizin rəhbər və mərcə kimi seçilməsi xəbərini aldıq. Siz, İmam Xomeyninin (qəddəsəsirruh) yolunu qorumaq üçün mübarək və səmimi bir xələf olaraq təyin edildiniz. Elə bir yol ki, İmam Xamenei (r.ə) öz ömrünü, əziz qanını və sadiq şəhidlərin qanını bu yolun qorunmasına, İranın müstəqilliyinin və onun saf Məhəmmədi (s) kimliyinin müdafiəsinə sərf etdi.
Şəhid İmam, Uca Allaha təvəkkül edərək, İranın qeyrətli, dindar, şücaətli və başıuca xalqına arxalanaraq, tərəqqinin mümkünlüyünə, bacarıqların inkişafına və İslamın ədalətli siyasi modelinin böhranların həllində təcəlli edə biləcəyinə inanaraq addım atdı. O, zülm və təcavüz qarşısında cəsarətlə dayandı, düşmənlərin fitnələrini puça çıxardı və onların cinayətkar müharibələrinin hədəflərini darmadağın etdi. Biz ümid edirik ki, Sizin ümidverici rəhbərliyiniz altında bu orijinal, inqilabi, islami və Məhəmmədi (s) yol əqidəvi, siyasi, əxlaqi və əməli səviyyələrdə davam edəcək; elə bir yol ki, dünya xalqlarını və məzlumlarını islahata, müstəqilliyə və ədalətin bərqərar olmasına doğru yönəldir.
Biz, Hizbullah olaraq, Uca Allahın nemətlərinə şükür edirik ki, müqavimət xətti mübarək İran İslam İnqilabından ilham alaraq siyasi, əxlaqi və inqilabi baxımdan böyük irəliləyişlər əldə edib və Seyyid Abbas Musəvi, Seyid Həsən Nəsrullah və Seyyid Haşim Səfidddinin (rəhmətullahi aleyhim) rəhbərliyi ilə işğal, təcavüz və zülmə qarşı müqavimət yolunda möhkəm və təsirli addımlar atılıb. Bu münasibətlə Sizin layiqli seçilmənizi təbrik edirik.
Biz vurğulayırıq ki, necə ki, şəhid rəhbərimiz Xamenei və inqilabın banisi İmam Xomeyni (rəhmətullahi aleyhimə) qarşı əhd etmişdik, eləcə də Sizin rəhbərliyinizlə dinə, haqqa və insana yardım etmək, ədalətin zühuruna zəmin yaratmaq üçün – Həzrət Sahibəz-Zamanın (əccələllahu fərəcəhuş-şərif) bərəkəti ilə – əhdimizə sadiq qalacağıq.
Öz adımdan, Hizbullah Şurasındakı qardaşlarımın, eləcə də Livandakı İslam Müqavimətinin komandirləri və mücahidlərinin adından Sizinlə olan əhdimizi yeniləyirik və Uca Allahdan diləyirik ki, Sizi öz xalqınızın və dünya məzlumlarının arzularının həyata keçməsində, zalımların və təkəbbür sahiblərinin şərindən onları qorumaqda müvəffəq və müsalihətə yönəlmiş qərarlarla dəstəkləsin.
4340044