“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bəyanatda üzv ölkələr Qüdsdə sionist rejimin davamlı pozuntularına və təcavüzlərinə qarşı siyasi, diplomatik, iqtisadi və hüquqi tədbirlərin görülməsinin zəruriliyini vurğulayıblar.
Şura həmçinin beynəlxalq ictimaiyyəti, xüsusilə BMT Təhlükəsizlik Şurasını qəti mövqe tutmağa və sionist rejimi öz qanunsuz addımlarını dayandırmağa, beynəlxalq hüquqa əməl etməyə məcbur etməyə çağırıb.
Ərəb Liqası Qüdsün qədim hissəsinin mühasirəsinin davam etməsi və Məscidül‑Əqsaya tətbiq olunan məhdudiyyətlər barədə xəbərdarlıq edərək bildirib ki, bu addımlar bölgədə dini gərginlikləri daha da artıracaq.
Bəyanatda müqəddəs məkanların tarixi və hüquqi statusunu dəyişdirməyə yönəlmiş plan və tədbirlər tənqid olunub və bunların şəhərin demoqrafik quruluşunu dəyişdirməyə hesablanmış daha geniş siyasətin bir hissəsi olduğu qeyd edilib.
Bəyanatın başqa bir hissəsində İsrail parlamenti Knesset tərəfindən fələstinli əsirlərin edamını nəzərdə tutan qanunun qəbul edilməsi sərt şəkildə pislənib və bu addım insan haqlarının və beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilib.
Şura Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla beynəlxalq qurumları bu məsələ ilə bağlı dərhal araşdırma aparmağa çağırıb.
Ərəb Liqası həmçinin BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş Agentliyi — UNRWA — üçün dəstəyin artırılmasını tələb edib və bu quruma maliyyə və siyasi dəstəyin təmin edilməsinin vacibliyini vurğulayıb.
Sonda Şura bütün beynəlxalq və parlament qurumlarını İsrailə təzyiq göstərmək və onun qanunsuz addımlarını dayandırmaq üçün əməkdaşlıq və praktiki tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, bu fövqəladə iclas Fələstinin müraciəti və bütün ərəb ölkələrinin razılığı ilə Qahirədə, Ərəb Liqasının qərargahında keçirilib.
4344225