IQNA

Səudiyyə Ərəbistanında Quran elmlərinə dair əlyazmanın aşkarlanması

5:55 - April 11, 2026
Xəbər sayı: 3500119
İQNA – Səudiyyə Ərəbistanının “Kral Əbdüləziz” İctimai Kitabxanası bu kitabxanada Quran elmlərinə dair nadir bir əlyazmanın – hicri IV əsrə aid bir nümunənin – kəşf edilib tanıdıldığını açıqlayıb.

“İQNA”-nın Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu nadir əlyazma “Ğəribul-Quran: Əcayibul-Quran” adlanır və Əbu Übeydə Məmər ibn əl-Müsennə ət-Təmimi əl-Basri tərəfindən qələmə alınıb.

Əlyazma 23 səhifədən ibarətdir, ölçüləri 22×17 sm-dir və yazılmasından min ildən artıq vaxt keçib.

Bu Quran elmlərinə dair kitab çap olunmamış əsərdir; əndəlusi xətti ilə köçürülüb və surələrin adları kufi xətti ilə yazılıb.

Kral Əbdüləziz Kitabxanası təfsir və Quran elmləri sahəsində çoxsaylı nadir əlyazmalara malikdir; burada 185-dən çox əlyazma saxlanılır və yüzlərlə qədim islam sənədlərini və yazmalarını əhatə edən zəngin arxiv mövcuddur.

Kitabxanada saxlanılan digər mühüm əsərlər arasında hicri VI əsrdə köçürülmüş, 77 səhifəlik Təbərinin “Camiul-bəyan fi təfsiril-Quran” təfsirindən hissələr, həmçinin hicri VII əsrə aid, 113 səhifəlik Əbu Bəkr Məhəmməd ən-Nəqqaşın “Fi məanil-Quranil-Kərim və təfsirihi: Qurana dair mənalar və təfsirə baxış” əsəri də yer alır.

Kral Əbdüləziz Kitabxanası təfsir, Quran elmləri və qədim mushaflarla bağlı çoxsaylı nadir əlyazmaları özündə cəmləşdirir və islam yazılı irsini tədqiqatçılara və maraqlananlara tanıtmaq üçün fəaliyyət göstərir.

Kitabxana həmçinin Quran elmləri sahəsində nadir mənbələrin tarixi dəyərinin və elmi əhəmiyyətinin izahını öz əsas vəzifələrindən biri kimi müəyyənləşdirib.

4344369  

captcha