IQNA

Papanın demokratiyaların əksəriyyətin despotizminə çevrilməsi barədə xəbərdarlığı

14:28 - April 18, 2026
Xəbər sayı: 3500175
İQNA – Dünya katoliklərinin lideri Papa Leo demokratiyaların “əksəriyyətin istibdadı”na sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edib.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Papanın demokratiyanın əksəriyyət despotizminə yuvarlanması ehtimalı ilə bağlı xəbərdarlığı ABŞ Prezidenti Donald Trampın iki gün əvvəl sosial şəbəkələrdə ona ünvanladığı sərt tənqiddən sonra səslənib.

Amerika mənşəli ilk papa Vatikanın demokratik cəmiyyətlərdə hakimiyyətdən istifadə mövzusuna həsr olunmuş toplantısının iştirakçılarına ünvanladığı məktubda yazıb ki, demokratiyalar yalnız mənəvi dəyərlərə söykəndikdə sağlam qala bilər.

Leo məktubunda əlavə edib: “Belə bir əsas olmadıqda, demokratiya əksəriyyətin istibdadına çevrilmək və ya iqtisadi və texnoloji elitaların hökmranlığı üçün bir örtüyə dönmək riski ilə üz-üzə qalır.”

Onun bu məktubu Papanın dörd Afrika ölkəsinə 10 günlük səfəri ilə eyni vaxtda yayımlanıb. Məktubda ABŞ-a birbaşa istinad edilmir və heç bir konkret demokratik ölkənin adı çəkilmir.

Katoliklərin lideri məktubunda vurğulayıb ki, Katolik Kilsəsi öyrənib ki, hakimiyyət özü-özlüyündə məqsəd ola bilməz; o, ümumi xeyrə çatmaq üçün bir vasitədir.

Leo deyib: “Bu o deməkdir ki, hakimiyyətin legitimliyi iqtisadi və ya texnoloji gücün toplanmasına deyil, onun həyata keçirildiyi müdriklik və fəzilətə bağlıdır.”

Papa həmçinin demokratik cəmiyyətlərin liderlərini hər cür güc toplama həvəsindən çəkinməyə çağırıb.

O, “təvazökarlığı” hakimiyyətdən qanuni istifadə üçün zəruri hesab edib və bildirib ki, həqiqi təvazökarlıq həddindən artıq özünəböyüklük meylini cilovlayır və hakimiyyətdən sui-istifadəyə qarşı sədd rolunu oynayır.

Tramp bazar günü gecə Papanı tənqid edərək onu “baş ağrısı” adlandırıb. Son həftələrdə Katoliklərin lideri ABŞ və İsrail rejiminin İrana qarşı hücumlarını kəskin şəkildə tənqid edib.

Siyasi nəzəriyyələrdə “əksəriyyətin istibdadı” demokratiya dünyasında tanınmış bir təhlükədir. Bu, demokratik şəkildə seçilmiş bir çoxluğun yenə də qeyri-demokratik davranaraq azlıqları kənara sıxışdırması, məhkəmələr, media və konstitusiya kimi institutları zəiflətməsi və nəticədə hakimiyyəti avtoritarizmə bənzər şəkildə mərkəzləşdirməsi deməkdir.

4346470  

captcha