IQNA

İspaniya və İrlandiya Avropa İttifaqının İsraillə əməkdaşlığının dayandırılmasını tələb etdi

15:47 - April 22, 2026
Xəbər sayı: 3500204
İQNA – İspaniya və İrlandiya Avropa İttifaqının İsraillə tərəfdaşlıq sazişinin dayandırılmasını istəyiblər.

“İQNA”-nın “Arabi21” xəbər portalına istinadən verdiyi məlumata görə, Brüsseldə yerləşən Avropa İttifaqı qərargahında İsraillə tərəfdaşlıq sazişinin mümkün dayandırılması ilə bağlı ciddi siyasi fikir ayrılığı yaranmaqdadır. Bu, xüsusilə İordan çayının qərb sahili və Qəzza zolağında baş verən hadisələrə cavab olaraq bir sıra üzv ölkələrin sanksiya tələblərinin artdığı bir vaxtda baş verir.

Avropa İttifaqı xarici işlər nazirlərinin çərşənbə axşamı Lüksemburqda keçirilən iclasında İspaniya və İrlandiya da daxil olmaqla bir neçə ölkə bu sazişin tam və ya qismən dayandırılmasını tələb edib. Onların narazılıqları İsrailin məskunlaşma siyasəti, Qəzza zolağındakı humanitar vəziyyət və ölüm hökmü ilə bağlı yeni qanun layihəsini əhatə edir.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Avropanın nüfuzunun bu gün risk altında olduğunu bildirərək, 2000-ci ildən qüvvədə olan tərəfdaşlıq sazişinin dayandırılması barədə ciddi müzakirə aparılmasını tələb edib.

O, Təl-Əvivlə münasibətlərin yenidən nəzərdən keçirilməsini təklif edib.

Bu arada Almaniya sanksiyalar əvəzinə dialoq yolunu müdafiə edir. Almaniyanın xarici işlər naziri Yoxann Vadfuhl bəzi siyasətlər, o cümlədən ölüm hökmü və məskunlaşanların zorakılığı ilə bağlı açıq tənqidlər səsləndirdiklərini bildirib. Bununla yanaşı, Berlinin iki dövlətli həll üçün şərait yaratmaq məqsədilə İsraillə tənqidi və konstruktiv dialoqa sadiq olduğunu vurğulayıb.

Digər tərəfdən, Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, Avropa İttifaqında bu sazişlə bağlı hər hansı addımı dəstəkləyən çoxluq əlaməti görünmür.

Avropa diplomatları isə Almaniya və İtaliya kimi təsirli ölkələrin mövqelərini yaxından izləyirlər.

Belçika isə ən azı qismən dayandırma tələb edərək, Aİ daxilindəki fikir ayrılıqları səbəbindən ümumi qərara gəlməyin çətin olduğunu etiraf edib.

Avropa İttifaqı İsrailin ən böyük ticarət tərəfdaşıdır və 2024-cü ildə ikitərəfli ticarət təxminən 42.6 milyard avroya çatıb. Bu səbəbdən sazişin dayandırılması ilə bağlı hər hansı qərar ciddi iqtisadi və siyasi nəticələrə səbəb ola bilər.

Eyni zamanda, Aİ qurumları zorakılıqda ittiham olunan İsrailli məskunlaşanlara və Brüsselin radikal hesab etdiyi bəzi rəsmilərə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirir.

Bundan əlavə, İsveç və Fransa da daxil olmaqla bir neçə Avropa ölkəsi İordan çayının qərb sahilindəki məskunlaşmalarla ticarətə daha sərt nəzarət tələb edib. BMT və beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti bu məskunlaşmaları qeyri-qanuni hesab edir.

4347906

captcha