“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Ərəb Liqasının Xarici İşlər Nazirləri Şurası fövqəladə iclasında bölgədəki ərəb ölkələrinin Amerika qüvvələrinə ev sahibliyi etməsinə və İrana qarşı hücumlara qatılmasına toxunmadan, İran əleyhinə qətnamə qəbul edib.
Qətnamədə İranın Fars körfəzi hövzəsindəki 6 ölkəyə, həmçinin İordaniya və İraqa endirdiyi hücumlar sərt şəkildə pislənib.
Ərəb Liqasının xarici işlər nazirləri, Amerikanın Hörmüz boğazında həyata keçirdiyi dəniz quldurluğuna qarşı İranın atdığı cavab addımlarını da pisləyiblər.
Anadolu Agentliyinin məlumatına görə, ərəb ölkələrinin xarici işlər nazirləri İranın ərəb ölkələrinə hücumları və Hörmüz boğazını bağlaması kimi təqdim etdikləri hadisələr nəticəsində yaranmış iddia edilən zərərlərə görə Tehranın təzminat ödəməsini tələb ediblər.
Bu mövqe Bəhreynin sədrliyi ilə videokonfrans formatında keçirilən Ərəb Liqasının təcili iclasında qəbul edilən qətnamədə öz əksini tapıb.
Qətnamədə iddia olunur ki, İran İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Qatar, Küveyt və İraqı hədəf alan hücumlara görə tam beynəlxalq məsuliyyət daşıyır və beynəlxalq hüquqa əsasən bütün zərər və itkilərə görə tam təzminat ödəməyə borcludur.
Qətnamə həmçinin Hörmüz boğazının bağlanmasını və İranın Babul-Məndəb boğazını bağlamaqla hədələməsini pisləyərək bildirib ki, belə addımlar beynəlxalq hüququn və dənizdə azad hərəkət prinsipinin pozulmasıdır.
4348106