“İQNA”-nın “əl-Vətən” qəzetinə istinadən verdiyi xəbərə görə, Məkkədəki Hira Mədəniyyət Bölgəsində yerləşən Müqəddəs Quran Muzeyi zəngin mədəni və təhsil təcrübəsi təqdim etməyə davam edir və ziyarətçilərə Quran tarixi və onunla bağlı elmləri araşdırmaq üçün imkanlar yaradır.
Bu muzeydə ziyarətçilər müxtəlif dövrlərə aid əlyazmaları və nadir əsərləri görə bilərlər. Bu əsərlər müsəlmanların İslamın yaranmasından bu günə kimi Allahın kitabına olan diqqətini nümayiş etdirir.
Muzeydə nümayiş etdirilən unikal əsərlər arasında hakim İsmətulla Xan tərəfindən mis lövhələr üzərində yazılmış bir Quran da var.
Bu əsərin tarixi hicri-qəməri XII əsrə (miladi XVIII əsr) aiddir və bu, İslam incəsənətinin dəqiqliyi, mükəmməlliyi, həmçinin Quranın yazılmasında gözəlliyə və elmi dəqiqliyə xüsusi diqqət yetirilməsinin nümunəsidir.
Bu nadir Quran, Kral Faysal İslam Araşdırmaları və Tədqiqatları Mərkəzinin kolleksiyasının bir hissəsidir. Həmin mərkəz İslam irsini qorumaq, saxlanmaq, onu tədqiqatçılar və həvəskarlar üçün əlçatan etmək, həmçinin İslam mədəni irsini sənədləşdirmək üçün nəzərdə tutulub.
Bu bədii əsər, İslam xəttatlığı və təzəyinatında möhkəmlənmiş ənənələrin davamlılığını göstərir. Həmin ənənələr dəri, kağızdan metal kimi müxtəlif material və texnikalardan istifadə etməklə, Müqəddəs Quranın yazısını ən gözəl şəkildə tamamlamağa yönəlmişdi. Bu, müsəlmanların Allahın kitabı ilə dərin əlaqəsini və onu yaradıcılıq və ehtirama söykənən bədii qəliblərdə əbədiləşdirmək öhdəliklərini göstərir.
Məkkədəki Müqəddəs Quran Muzeyi dünyanın ən görkəmli Quran muzeylərindən biri hesab olunur. Bu muzey nadir əsərləri, tarixi əlyazmaları və dünyanın ən böyük Quranını (2.30 metr 3.28 metr) müasir və interaktiv üslubda nümayiş etdirir.
Bu muzey, Peyğəmbərin (s) dövründən başlayaraq Quranın toplanması tarixini sənədləşdirən dünyanın ən böyük Quranını nümayiş etdirdiyinə görə Ginnes Rekordlar Kitabının sertifikatını almışdır.
4350410