“İQNA”-nın “Rusiya əl-Yəvm”ə istinadən verdiyi xəbərə görə, CNN kanalı ətraflı reportajında Livan Hizbullah hərəkatının PUA müharibəsindəki döyüş qabiliyyətinin inkişafını araşdırıb və Hizbullahın PUA-larını İsrail ordusu üçün kabus olaraq təsvir edib.
CNN kanalı xüsusilə Hizbullahın optik idarə olunan hücum PUA-larından istifadəsinə və İsrail ordusunun bu artan təhlükə ilə mübarizə aparmaqda aciz qalmasına diqqət çəkib.
Bu kanalın məlumatına görə, Hizbullahın, xüsusilə İsrail hərbi maşınlarına qarşı PUA hücumlarından yaydığı görüntülər Hizbullahın bu sahədəki qabiliyyətinin inkişaf səviyyəsini və bu silahdan istifadədəki dəqiqliyini göstərir.
Mütəxəssislərin sözlərinə görə, bu PUA-ları aşkarlamaq və sıradan çıxarmaq olduqca çətindir, çünki onlar fəaliyyətləri üçün radiotezliklərə güvənmirlər ki, onlara qarşı parazit tətbiq etmək mümkün olsun; əksinə, birbaşa uzun, demək olar ki, görünməz fiber-optik kabel vasitəsilə PUA operatoruna bağlıdırlar və hədəfin 15 km-dən çox məsafədə belə birbaşa və yüksək keyfiyyətli görüntüsünü operatora təqdim edirlər. Həmçinin elektron əlaqənin olmaması onun uçuş yerini aşkar etməyi demək olar ki, qeyri-mümkün edib.
CNN kanalının məlumatına görə, İsrail ordusu illər boyu PUA-larla mübarizədə parazit yaratmaq yolu ilə öz texnoloji üstünlüyünə güvənirdi, lakin bu yeni tip PUA-lar bu üstünlüyün böyük hissəsini məhv edib.
Sionist hərbi mənbə CNN kanalına bildirib ki, fiziki maneələrin, məsələn, tor qurğularının yaradılması bu PUA-larla mübarizə üçün mövcud olan demək olar ki, yeganə vasitədir, lakin bu vasitə də tam təminatlı deyil, xüsusən Hizbullah eyni vaxtda bir neçə PUA ilə hücumlar edə bildiyindən – bu da İsrail ordusunun onlarla mübarizə qabiliyyətindən kənardır.
Hizbullah öz təcrübələrindən istifadə edərək bu PUA-ları İsrailə qarşı yorulmaz müharibədə səmərəli və təhlükəli silaha çevirib və bu yolla cənubi Livanda və şimali İsraildə İsrail əsgərlərini birbaşa hədəf ala bilir.
4351420