“İQNA”-nın "Ərəb News"a istinadən verdiyi xəbərə görə, illik həcc mərasimi üçün milyonlarla insanın iştirakı proqnozlaşdırıldığından, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri sərt tədbirlər görür.
Onlar həcc mövsümü ərzində Məkkəyə icazəsiz həcc zəvvarı girişinin qarşısını almaq üçün tədbirlər həyata keçirirlər.
Təhlükəsizlik qüvvələri Məkkə və müqəddəs məkanlara icazəsiz həcc zəvvarı girişinin və ya orada qalmasının qarşısını almaq üçün səylərini davam etdirərək qayda pozucularının həbs və qanuni cəzaya məruz qalacağı barədə xəbərdarlıq edir.
Səudiyyə Press agentliyinin məlumatına görə, Məkkə polisi son zamanlar yaşayış icazəsini, NUSK kartlarını və həcc bilərziklərini saxtalaşdırdıqları üçün Əfqanıstan və Pakistan vətəndaşı olan 18 sakini həbs edib.
Məkkədə təhlükəsizlik patrulları həmçinin sosial mediada saxta həcc xidmətləri reklam etdiyinə və saxta həcc kartlarına sahib olduğuna görə bir İndoneziya sakini həbs ediblər.
Başqa bir hadisədə, həcc təhlükəsizlik qüvvələri icazəsiz olaraq səhra rayonundan piyada Məkkəyə daxil olmağa cəhd etdiklərinə görə həcc qaydalarını pozan beş Əfqanıstan sakinini həbs ediblər.
Həmin qüvvələr həmçinin icazəsiz olaraq Məkkəyə daxil olmaq və orada qalmağa cəhd etdiklərinə görə həcc qaydalarını pozan Sudan, Misir və Yəmən vətəndaşı olan 10 sakini də həbs ediblər.
Səudiyyə Ərəbistanı agentliyinin məlumatına görə, qanuni tədbirlər görülüb və bütün şəxslər baş prokurorluğa təhvil verilib.
Həcc mövsümündən əvvəl Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi həcc qaydalarını pozmağa görə 20 min riyaldan 100 min riyaladək (5330-26660 ABŞ dolları) cərimələr tətbiq edəcəyini elan edib.
Nazirlik yenidən vətəndaşları, sakinləri və viza sahiblərini həcc qaydalarına riayət etməyə, qanuni cəzalardan yayınmağa çağırıb və etibarlı həcc icazəsi almağın məcburi olduğunu vurğulayıb.
Nazirlik həmçinin həcc qaydalarına tam riayət etməyi və zəvvarların təhlükəsizliyini və əmin-amanlığını təmin etmək üçün müvafiq orqanlarla əməkdaşlığı tələb edib.
4351392