“İQNA”-nın “Əl-Tilfizyunil-Ərəbi”-yə istinadən verdiyi xəbərə görə, donanma sosial şəbəkə “X” üzərindən yaydığı bəyanatda bildirib ki, son üç həftə ərzində ikinci dəfədir ki, sionist rejimin ordusu bu donanmanın fəallarını beynəlxalq sularda həbs edir. Bəyanatda bu addım “qanunsuz adam qaçırma” adlandırılıb və qətiyyətlə pislənib.
Bəyanata görə, fəallar yalnız özlərinin qanunsuz həbsinə etiraz olaraq deyil, həm də sionist rejimin həbsxanalarında saxlanılan 9 500-dən çox fələstinli məhbusla həmrəylik məqsədilə aclıq aksiyasına başlayıblar. Donanma həmçinin bütün saxlanılan fəalların azad edilməsini, rejimin bu addımlarının dövlətlər tərəfindən pislənməsini və Qəzza mühasirəsinin dərhal sona çatdırılmasını tələb edib.
Eyni zamanda, sionist rejimin Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, donanmanın bütün 430 fəalı saxlanılıb və konsulluq nümayəndələri ilə görüşmələri üçün işğal olunmuş ərazilərə aparılıb.
Bundan əvvəl donanmanın böhran əməliyyat mərkəzi elan etmişdi ki, sionist ordu beynəlxalq sularda karvanın bütün gəmilərinə qanunsuz hücum edib və fəalları həbs edib. Bu əməliyyatda hədəf alınan son gəmi “Lina ən-Nablusi” olub.
Donanma təxminən 50 gəmi və 44 ölkədən 428 fəaldan ibarətdir və 2007-ci ildən bəri davam edən Qəzza mühasirəsini yarmaq məqsədilə Türkiyənin Marmaris limanından 54 qayıqla yola çıxmışdı.
4353153