IQNA

Malayziyada "Minab 168, odda yanan uşaqlar" kitabının təqdimatı keçirilib

12:03 - June 10, 2026
Xəbər sayı: 3500516
İQNA – Minabdakı "Şəcərəi Tayyibə" məktəbində baş vermiş faciəli və qeyri-insani hadisə və 168 şagirdin şəhadəti haqqında ingilis dilində yazılmış ilk kitab İslam Respublikasının Malayziyadakı Mədəniyyət Mərkəzinin dəstəyi və əməkdaşlığı ilə təqdim edilib.

 

“İQNA”-nın İranın Malayziyadakı Mədəniyyət Mərkəzinə istinadən verdiyi məlumata görə, Malayziya İslam Təşkilatları Məşvərət Şurasının (MAPIM) sədri Əzmi Əbdülhəmidin qələmə aldığı "Minab 168; odda yanan uşaqlar" (MINAB 168: Children Bathed in Fire) kitabı İmam Xomeyninin (r) vəfatının ildönümü günlərində İranın Malayziyadakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə ictimaiyyətə təqdim olunub.

Malayziyanın İslam İncəsənəti Muzeyində keçirilən təqdimat mərasimində Malayziyanın keçmiş xarici işlər naziri Tan Sri Həmid Əl-Bar, MAPIM təşkilatının sədri Əzmi Əbdülhəmid, İranın Malayziyadakı səfiri Vəliullah Məhəmmədi, mədəniyyət müşaviri Həbib Rza Ərzani və yüzlərlə malayziyalı ziyalı və mütəfəkkir iştirak edib.

Bu əsər, qeyri-iranlı bir müəllif tərəfindən Minabdakı "Şəcərə-i Tayyibə" məktəbində 168 şagirdin şəhadəti ilə bağlı yazılmış ingilis dilində ilk kitabdır. Əsər bu hadisənin insanlıq ölçülərini beynəlxalq səviyyədə gündəmə gətirməyə və onun unudulmasının qarşısını almağa çalışır.

"Minab 168" kitabı müəllifin "168 şagirdin şəhadəti" adlandırdığı və müharibə ilə zorakılıq şəraitində uşaqların çəkdiyi əzabların simvolu kimi təqdim etdiyi hadisədən bəhs edir.

Müəllif kitabın girişində yazır: "Uşaqlara, təhsilə və ümidə aid olması lazım olan bir gündə, Minab səması müasir müharibələrin ən qaranlıq cinayətlərindən birinə şahidlik etdi." O, vurğulayır ki, 168 uşağın şəhadəti bir müharibə hadisəsi deyil, militarizmin, zorakılıq törədənlərin cəzasız qalmasının və günahsız insanların canına dəyərsiz yanaşmanın acı nəticəsidir.

Müəllifin sözlərinə görə, əsərin yazılmasında məqsəd həqiqəti qeydə almaq və bu faciənin unudulmasına imkan verməməkdir. O, kitabın başqa bir yerində qeyd edir ki, bu, sadəcə tarixi bir hesabat deyil, insan həyatının dəyərini seçməli şəkildə müəyyən edən dünya nizamına qarşı bir ittihamnamədir.

Kitabda həmçinin deyilir: "Minabda şəhid olan hər bir uşağın öz arzuları, sevincləri, qorxuları və zorakılıqla əlindən alınan bir gələcəyi var idi."

Əsərin bir hissəsində İbrahim surəsinin 42-ci ayəsinə istinad edilib: "Allahın zalımların etdiklərindən qafil olduğunu zənn etmə." Müəllif bu ayədən istifadə edərək zülm və cinayət qarşısında mənəvi və ilahi məsuliyyəti vurğulayıb.

Kitabın əsas mövzuları hadisənin insani və ağrılı ölçüləri, zorakılığın davam etməsində rol oynayan siyasi və geosiyasi amillər, beynəlxalq təşkilatların faciələrin qarşısını almaqda qeyri-effektivliyi, qurbanların ailələrinin dözümü və dünya ictimaiyyətinin zülmə qarşı mənəvi məsuliyyətidir.

Kitab alimləri, ictimai fəalları, siyasətçiləri, dini liderləri və geniş ictimaiyyəti həqiqəti, ədaləti və insan ləyaqətini müdafiə etməyə, həmçinin belə faciələrin təkrar olunmaması üçün çalışmağa dəvət edir.

Qeyd edək ki, Əzmi Əbdülhəmid Malayziyada humanitar fəaliyyətləri və Fələstin məsələsinə dəstəyi ilə tanınan şəxsiyyətlərdəndir. O, bu əsərində müharibə şəraitində uşaqların müdafiəsi və beynəlxalq qurumların məsuliyyəti məsələsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışıb.

"Minab 168; odda yanan uşaqlar" kitabı Malayziyanın "Casamas Resources Sdn. Bhd" nəşriyyatı tərəfindən çap olunub.

4356716

captcha