“İQNA”-nın "Muslimun Həvləl-Aləm"ə istinadla verdiyi məlumata görə, Bosniya və Herseqovina müsəlman icmasında dini təhsilin yerini nümayiş etdirən bu tədbirdə, Quran və İslam elmləri üzrə tədris ilinin başa çatması münasibətilə ölkənin mərkəzində yerləşən Zenitsa şəhərindəki milli amfiteatr məzunları qəbul edib.
Tədbirdə Quran təhsilinin üçüncü səviyyəsindən təxminən 500 oğlan və qız şagird, həmçinin onların təliminə nəzarət edən 79 müəllim iştirak edib.
Bosniya və Herseqovina İslam Məşixətinin Quran və Gənclərlə iş şöbəsinin müdiri Ənis Səfraka çıxışı zamanı Peyğəmbərimizin (s) müəllim olaraq göndərilməsinə dair hədisə istinad edərək, İslamın mesajının təhsil və tərbiyə üzərində qurulduğunu vurğulayıb.
Digər tərəfdən, Zenitsa müftisi Mövludən Dizdareviç də qeyd edib ki, Quran məktəbləri (Kuttab) müsəlman icmasının dini, əxlaqi və mədəni kimliyinin qorunması üçün ən vacib mərkəzlərdən biridir.
O əlavə edib: "Uşaqlar bu məktəblər vasitəsilə ömür boyu onlarla qalacaq və onları məsuliyyətli olmağa, cəmiyyətə xidmət etməyə yönəldəcək dəyərlərə yiyələnirlər".
Mərasim çərçivəsində bir sıra şagirdlər "Kuttab fəxri" mükafatı ilə təltif olunublar. Belə ki, hər məscid və ya tədris mərkəzindən bir şagird çalışqanlığı, fədakarlığı, akademik uğurları və gözəl əxlaqına görə seçilərək mükafatlandırılıb.
Təşkilatçılar vurğulayıblar ki, 6 mindən çox şagird və 79 müəllim Zenitsadakı Quran məktəblərinin proqramlarında mütəmadi olaraq iştirak edir. Bu da həmin təhsil sisteminin müsəlman icmasının həyatında nə qədər mühüm rol oynadığını göstərir.
Onlar həmçinin bildiriblər ki, Quran məktəbi sadəcə Qurani-Kərimin öyrədildiyi sinif otağı deyil, həm də ailənin rolunu tamamlayan, əxlaqlı, məsuliyyətli və dini biliklərə sahib nəsil yetişdirən kompleks bir təhsil müəssisəsidir.
Qeyd edək ki, Zenitsa Bosniya və Herseqovinanın mərkəzində yerləşən ən böyük şəhərlərdən biridir. Bu şəhər dinamik müsəlman icmasına və gənclərin təhsilinə xüsusi önəm verən, Bosniya və Herseqovina İslam Cəmiyyətinə bağlı çoxsaylı təhsil və dini müəssisələrə malikdir.
4357169