IQNA

Yoxsulluq və ədalətsizlik Nigeriya müsəlman cəmiyyətinin əsas problemi

11:20 - June 13, 2026
Xəbər sayı: 3500529
İQNA – Nigeriya müsəlmanları arasında artan yoxsulluq və işsizlik sosial bərabərsizliyə və ekstremist hərbi qruplaşmaların yaranmasına səbəb olub.

“İQNA”-nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, müsəlmanlar Nigeriya əhalisinin yarısından çoxunu təşkil etsələr də, onlar əsas vəzifələrdən açıq şəkildə kənarlaşdırılıb və xüsusilə ölkənin şimalında yoxsulluq içində yaşayırlar. Bu vəziyyət "Boko Haram" kimi silahlı qrupların yaranmasına zəmin hazırlayıb.

İslam Nigeriyanın şimalına X əsrdə daxil olub, xristianlıq isə 20-ci əsrdə Britaniya işğalı ilə gələrək daha çox cənubda cəmləşib.

Ölkə tarixi coğrafi ixtilaflar, müstəmləkəçi güclərlə əməkdaşlıq və ya onlara qarşı müqavimətdən qaynaqlanan məzhəb münaqişələri ilə müşayiət olunub. Lakin 21-ci əsrin əvvəllərində "Boko Haram" və digər silahlı qrupların ortaya çıxması hamını zorakılıq qorxusu altında birgə yaşamağa məcbur edib.

Kano ştatından olan parlament üzvü Məhəmməd Qarba deyib: "Bu qrupların insanları hədəf alması amerikalıların iddia etdiyi kimi, dini əsaslı deyil. Ölkənin mərkəzi və şimal bölgələrində müsəlmanları öldürən xristianlar da var". Qarbanın sözlərinə görə, Borno ştatındakı Çibok məktəbli qızları qaçırılarkən onların əksəriyyəti müsəlman idi. O vurğulayıb ki, Nigeriyadakı üsyan heç bir dinin mənsublarına xas deyil.

İşsizlik və yoxsulluq

Müsəlmanlar və xristianlar seçkilər yolu ilə prezidentlik postuna sahib olurlar və ölkənin, hətta bütün Afrikanın ən zəngin adamı olan Əliko Danqote şimalın Kano şəhərində anadan olmuş müsəlmandır. Bununla belə, Nigeriyanın ən yoxsul və işsiz müsəlman əhalisi də ölkənin rəsmi təhsil sistemi ilə bağlı fikir ayrılıqları səbəbindən şimalda məskunlaşıb.

Abuca məscidinin imamı Şeyx İbrahim Əl-Məqri deyir: "Müsəlmanlar Nigeriyada əslində ən çoxsaylı əhalidir, lakin onlar dövlət və özəl sektorda ən az təsir və təmsilçiliyə malikdirlər və hələ də cəmiyyətdə xristianlarla çiyin-çiyinə dayana bilmirlər".

Nigeriya təqribən 240 milyonluq əhalisi ilə 100 milyondan çox müsəlmanı özündə cəmləşdirərək Afrikada ən böyük müsəlman əksəriyyətli ölkədir. Onların əksəriyyəti sünni müsəlmanlardır və Britaniya müstəmləkə hökuməti tərəfindən sərhədlər müəyyən edilməzdən əvvəl mövcud olan tarixi sultanlıqların yerləşdiyi Kano, Borno və Sokoto kimi şimal ştatlarında yaşayırlar.

15-ci əsrdə Sokoto Qərbi Afrikada ilk İslam sultanlığı olan "Sokoto Xilafəti"nin paytaxtı kimi tanınırdı və Qadiriyyə təriqəti vasitəsilə sufi düşüncəsini yayırdı. Kano isə Nigeriyada Ticaniyyə təriqətinin mərkəzidir.

Kano əmiri Məhəmməd Sənusi 2-ci böhranın kökünü izah edərək deyir: "Şimalın kasıb olduğunu və müsəlmanların təcrid olunduqları üçün kasıb qaldıqlarını demək çox asandır və buna görə də öz hüquqlarını geri almaq üçün mübarizə aparmalıdırlar. Beləliklə, İslam zorakılığı əsaslandırmaq üçün bir vasitəyə çevrilir, halbuki bu problemlər əslində iqtisadi durğunluq, gerilik və iş yeri çatışmazlığı ilə bağlıdır".

Şimaldakı gənclərlə savadsız insanlar kimi rəftar edilir, çünki Nigeriyanın təhsil sistemi yalnız müsəlman əhalinin böyük hissəsi tərəfindən rədd edilən Britaniya müstəmləkə proqramını tanıyır. Onlar əvvəlcə yerli dildə, sonra isə Quranın dili olan ərəb dilində təhsilə üstünlük verirlər. "Boko Haram"ın adı da məhz Qərb təhsilinin və onunla bağlı olan hər şeyin rədd edilməsini ifadə edir.

Hökumət ekstremizmlə mübarizə üçün din alimlərinə arxalansa da, müsəlmanlar bütün vətəndaşlar arasında birgəyaşayışı yaratmaq üçün hökumətə güvənirlər. Onlar hesab edirlər ki, əsas problem ideologiya deyil, məhz yoxsulluqdur və işsizlik sadəcə ümidsizlik yaradır.

Nigeriyada birgəyaşayış sadəcə simvolik bir hərəkət deyil, xüsusən də müsəlmanların sayı xristianların sayına bərabər, bəlkə də daha çox olduğu üçün bu, strateji əhəmiyyət kəsb edir.

4357413

captcha