“İQNA”-nın İmam Hüseynin (ə) hərəminin saytına istinadən verdiyi xəbərə görə, İmam Əlinin (ə) hərəminin mətbuat katibi Seyid İsa əl-Xorsanın nəzarəti altında, astananın Fikri və Mədəni İşlər şöbəsi Nəhcül-Bəlağə kitabının xəzinə dəyərində olan nəfis bir nüsxəsinin yazılması layihəsinə başlayıb. Bu, İslam dünyasında bu növün ilk layihəsi kimi təqdim olunur.
Fikri və Mədəni İşlər şöbəsinin rəisi Kərrar Casib İmam Əlinin (ə) hərəminin xəbər mərkəzinə verdiyi müsahibədə bildirib: "Bu şöbə Möminlərin əmiri İmam Əlidən (ə) bizə çatan dəyərli əsər olan Nəhcül-Bəlağənin qiymətli bir nüsxəsinin yazılması layihəsinə başlayıb. Bu layihə bədii orijinallığı müasir oxucunun zövqü ilə birləşdirən xüsusi əsərlər və nəşrlər çərçivəsində həyata keçirilir."
O əlavə edib: "Bu yeni nüsxə, indiyədək belə bir nizam, dəqiqlik və qayğı səviyyəsi ilə icra edilməmiş misilsiz və nadir bir layihədir."
O, həmçinin xatırladıb ki, İmam Əlinin (ə) hərəmi ötən illər ərzində Nəhcül-Bəlağə kitabına müəlliflik, tədqiqat və ixtisaslaşdırılmış indekslərin hazırlanması daxil olmaqla çoxsaylı xidmətlər göstərib.
O vurğulayıb ki, layihənin məqsədi İslam irsinin orijinallığını qoruyub saxlamaqla yanaşı, müasir zövqə uyğun olan nəfis və möhtəşəm bir nüsxə təqdim etməkdir. Onun sözlərinə görə, bu, Ələvi müqəddəs astanasının birbaşa nəzarəti və qayğısı ilə hazırlanan ilk nüsxədir.
İmam Əlinin (ə) hərəminin xəttatı Hazim əl-Həlv bildirib ki, bu layihədə xəzinə nüsxələrinin yazılmasında istifadə olunan orijinal və ənənəvi üsullardan istifadə olunacaq. Kağız, mürəkkəb, qələm və bəzəklərin hamısı Qurani-Kərimin və digər nəfis əsərlərin kitabətində istifadə olunan xəttatlıq məktəbləri və ənənələri ilə uyğunluq təşkil etməsi üçün təbii və xüsusi materiallardan seçilir.
Üç cilddə yazılacaq
Hazim əl-Həlv izah edib: "Bu layihənin icrası təxminən bir il çəkəcək və onda İmam Əlinin (ə) hərəminin ən görkəmli xəttatları iştirak edəcəklər. Bu əsər etibarlı xəttatlıq məktəbləri əsasında tərtib olunan orijinal və qədim nüsxələr kimi üç cilddə tərtib ediləcək."
O əlavə edib ki, hər səhifədə 14 sətir olacaq və bu rəqəm 14 Məsumun (ə) adına təbərrük (bərəkət) məqsədilə seçilib.
Nəhcül-Bəlağə İslam irsində ən mühüm fikri, ədəbi və mərifət qaynaqlarından biri hesab olunur və Möminlərin əmiri İmam Əlinin (ə) xütbələrini, məktublarını və hikmətli sözlərini ehtiva edir. Bu səbəbdən, İmam Əlinin (ə) hərəmi tərəfindən dəstəklənən bu nəfis nüsxənin yazılması layihəsi xüsusi mədəni və elmi əhəmiyyətə malikdir.
4357862