"İQNA"-nın məlumatına görə, ilahi dinlərin tarixi göstərir ki, qadınlar hər zaman böyük mənəvi və ictimai dəyişikliklərin mərkəzində olmuşlar. Qadınların rolunu kənara itələyən bəzi təhrif olunmuş rəvayətlərdən fərqli olaraq, Qurani-Kərim bir çox hallarda qadınları iman, müqavimət və dəyişiklik yaradan böyük nümunələr kimi təqdim edir.
"Səkkuyi-Pərvaz" kitabında Məhərrəm ayının ikinci məzmun mesajı bu Quran həqiqətinə vurğu edərək bildirir ki, qadınlar "hibrid müharibə meydanının bayraqdarlarıdır". Müəllif hesab edir ki, iradələr döyüşündə və koqnitiv (idraki) müharibədə qadınların rolu bir çox başqa meydanlardan daha həlledicidir.
Quranın bütün möminlər üçün nümunəsi
Bu mesajın oxu nöqtəsi "Təhrim" surəsinin 11 və 12-ci ayələridir; Allahın bu ayələrdə tarixin iki böyük qadınını bütün möminlər üçün nümunə kimi təqdim etdiyi ayələr:
*«Allah iman gətirənlərə Fironun zövcəsini məsəl çəkdi...»*
*«...və İmran qızı Məryəmi...»*
Düşündürücü məqam budur ki, Quran bu iki qadının sadəcə "mömin qadınlar" üçün nümunə olduğunu demir, onları "bütün möminlər" üçün nümunə kimi təqdim edir. Bu ifadə göstərir ki, Quran məntiqində dəyər meyarı cinsiyyət deyil, iman, dözüm və haqqa olan sədaqətdir.
Asiyə; Firon sarayının qəlbindəki müqavimət
Fironun həyat yoldaşı elə bir şəraitdə iman nümunəsi kimi təqdim olunur ki, o, tarixin ən tağutçu (zalımlıqla dolu) hökumətlərindən birinin qəlbində yaşayırdı. Zülm, şirk və təkəbbürlə dolu bir mühitdə o, haqq yolunu seçdi və imanını qorumaq üçün ən ağır işgəncələrə dözməyə razı oldu. Bu nümunə göstərir ki, ən mürəkkəb mədəni və siyasi şəraitdə belə, iman və ilahi kimlik üzərində ayaqda qalmaq mümkündür.
Həzrət Məryəm (s.ə); paklıq və dözüm rəmzi
Quranın təqdim etdiyi ikinci nümunə Həzrət Məryəmdir (s.ə); sosial təzyiqlərə, iftiralara və çoxsaylı çətinliklərə baxmayaraq, Allahın bəndəliyi yolundan dönməyən bir xanım. Məryəm (s.ə) Quran məntiqində paklıq, ilahi vədə etibar və sosial təzyiqlər qarşısında müqavimətin rəmzidir; hər bir mömin cəmiyyətin öz kimliyini qorumaq üçün ehtiyac duyduğu xüsusiyyətlər.
Aşura və qadınların bənzərsiz rolu
İslam tarixinin hadisələri arasında bəlkə də heç bir hadisə Aşura qədər qadınların həlledici rolunu aşkar etməmişdir. Əgər İmam Hüseyn (ə) öz qanı ilə hərəkatı yaşatdısa, Həzrət Zeynəb (s.ə) öz rəvayəti və "təbyin cihadı" (aydınlatma mübarizəsi) ilə onu əbədiləşdirdi. Bir çox tədqiqatçılar hesab edir ki, Həzrət Zeynəbin (s.ə) Kufə və Şamdakı aydınladıcı çıxışları olmasaydı, Əməvi hökuməti öz təhrif olunmuş rəvayətini ictimai rəyə qəbul etdirə bilərdi. Beləliklə, Aşura göstərdi ki, qadınlar nəinki meydanın mərkəzindədirlər, hətta bəzən bir hərəkatın son taleyi onların rolundan asılı olur.
Müsəlman qadının üçüncü nümunəsi
Bu mesajda vurğulanan anlayışlardan biri "müsəlman qadının üçüncü nümunəsi"dir; qadını nə cəmiyyətdən təcrid olunmuş bir varlığa çevirən, nə də onu istehlak mədəniyyətinə xidmət edən bir əmtəəyə çevirən nümunə. Bu baxışda mömin qadın öz ləyaqət və iffətini qorumaqla yanaşı, cəmiyyətin mərkəzində iştirak edir, rol oynayır, nəsil yetişdirir və ictimai dəyişikliklərə təsir göstərir.
Nəticə
"Təhrim" surəsinin ayələri mərkəzində olan bu mesaj xatırladır ki, Quran məntiqində və İslam tarixində qadınlar bir çox böyük dəyişikliklərin əsas oyunçuları olmuşlar. Asiyə və Məryəmdən (s.ə) tutmuş Həzrət Zeynəbə (s.ə) qədər hamısı göstərmişdir ki, iman, dözüm və aydınlatma mübarizəsi bir cəmiyyətin taleyini dəyişə bilər.
Buna görə də qadınlar haqq və batil mübarizəsinin kənarında deyil, mərkəzindədirlər və böyük ilahi hərəkatların bayraqdarı ola bilərlər.
4356020