IQNA

Sloveniyada Quran öyrənənlərin təltif olunması mərasimi keçirilib

10:29 - June 23, 2026
Xəbər sayı: 3500594
İQNA – Sloveniyanın paytaxtındakı İslam Mədəniyyət Mərkəzində 62 Quran tələbəsinin təltif olunma mərasimi baş tutub.

“İQNA”-nın “Lyublyana” İslam Mədəniyyət Mərkəzinə istinadən verdiyi məlumata görə, Quran tilavətinin qürur və minnətdarlıq hissi ilə qarışdığı bir tədbirdə, Sloveniyanın paytaxtı Lyublyanadakı İslam Mədəniyyət Mərkəzində onlarla müsəlman ailə bir araya gələrək, Quran və İslam elmlərinin öyrənilməsi yolunda bir neçə illik təhsil mərhələsini başa vuran övladlarını təbrik ediblər.

Tamaşaçıların alqışları və valideynlərin sevinc göz yaşları arasında keçən bu mərasim, İslam qurumlarının təhsil səylərinin – dinləri və kimlikləri ilə bağlı bir nəsil yetişdirməyin bəhrəsini göstərən bir mənzərəyə çevrilib.

İslam Mədəniyyət Mərkəzi son illərin ən böyük məzun qruplarından biri olan 62 qız və oğlan şagirdin Quran və dini təhsil proqramlarından məzuniyyət qeyd etməsinə şahidlik edib.

Tədbirdə bir sıra İslam liderləri, alimlər və imam-camaatlar iştirak ediblər. Onlar Quran kurslarının təhsil səylərini və bu kursların İslam dəyərlərinin aşılanması və yeni nəsillərdə dini kimliyin möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirərək, bu proqramların Sloveniya müsəlman cəmiyyətinin gələcəyinin qurulmasında davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Mərasimdə Sloveniyanın müftisi Nevzet Poriç və Bihaçın müftisi Hafiz Mehmet Əfəndi Kodiç, habelə bir sıra dini rəsmilər, imamlar, müəllimlər, valideynlər və müsəlman cəmiyyətinin üzvləri iştirak edərək bu uğurun sevincini övladları ilə bölüşüblər.

Nevzet Poriç mərasimdəki çıxışında məzunları, onların ailələrini və təhsil illəri boyunca onları müşayiət edən müəllimləri təbrik edərək vurğulayıb ki, dini tərbiyə yalnız məlumat ötürməklə məhdudlaşmır, həm də müsəlman şəxsiyyətinin formalaşmasına və onun gündəlik həyatda ehtiyac duyduğu dəyərlərin möhkəmlənməsinə kömək edir.

O qeyd edib: "Quran kursları yeni nəsillərin İslam kimliyinin qorunmasında, xüsusən də təhsil və dini qurumların dil, dəyərlər və dini mənsubiyyət üçün zəruri mərkəzlərə çevrildiyi Avropa mühitində yaşayan müsəlman icmaları üçün həlledici rol oynayır".

İştirakçılar həmçinin Quran tələbələrinin qiraət və əzbərləmə bacarıqlarını nümayiş etdirən ayələri dinləyiblər ki, bu da tamaşaçılar və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.

Hafiz Mehmet Əfəndi Kodiç də bu mərasimdə iştirakından məmnunluğunu ifadə edərək, Sloveniyadakı İslam qurumlarının əldə etdiyi uğurların ölkə daxilində və xaricindəki müsəlmanların qürur mənbəyi olduğunu və uşaqların təlimi, onların dinləri və dəyərləri ilə bağlılığı üçün göstərilən səylərin müvəffəqiyyətini nümayiş etdirdiyini vurğulayıb.

O əlavə edib: "İslam qurumlarının uşaqların və gənclərin təliminə investisiya qoyması, İslam kimliyinin davamlılığının qorunması və cəmiyyətdə onun müsbət mövcudluğunun gücləndirilməsinin ən mühüm təminatlarından biridir".

Mərasimdə məzunların təhsil illəri ərzindəki zəhmətlərini qiymətləndirmək üçün onlara diplomlar və hədiyyələr təqdim olunub.

Bayram şənliyi məzunlar və onların ailələri üçün edilən dualarla, İslam qurumlarının Sloveniyada dini bilikləri İslam dəyərlərinə sadiqliklə birləşdirən yeni bir nəslin hazırlanmasındakı müvəffəqiyyətini əks etdirən sevinc və qürur ab-havasında başa çatıb.

Müsəlmanlar Sloveniya əhalisinin təxminən 2,5 faizini təşkil edir. Lyublyanadakı İslam Mədəniyyət Mərkəzi isə ölkənin ən böyük İslam qurumu və Mərkəzi Avropadakı müsəlmanların ən görkəmli dini və mədəni mərkəzlərindən biridir.

4359737

captcha