“İQNA”-nın "əl-Kəfil"ə istinadən verdiyi məlumata görə, Abbasın (ə) müqəddəs ziyarətgahının Rabitə və İnformasiya Təhlükəsizliyi şöbəsi bildirib ki, Kərbəlada Məhərrəmliyin onuncu günü və "Rəkzətu Tuvəyric" matəm mərasimi üçün təhlükəsizlik və xidmət proqramları çərçivəsində Kərbəlada 2 minə yaxın ağıllı kamera işə salınıb.
Bu şöbənin məsul şəxslərindən biri olan mühəndis Məhəmməd Rəd əl-Əsfur bildirib: "Texniki qüvvələr çoxdan Həzrət İmam Hüseyn (ə) və Həzrət Əbülfəzl Abbasın (ə) zəvvarlarını qarşılamaq üçün lazımi hazırlıqlara başlayıblar. Bu tədbirlərə nəzarət sisteminin infrastrukturunun hazırlanması, həm ziyarətgahın daxilində və xaricində, həm də küçələrdə və ətraf ərazilərdə kameraların texniki yoxlanışı və onlara texniki qulluq göstərilməsi daxildir".
O əlavə edib: "Bu tədbirlərin məqsədi Aşura ziyarəti və "Rəkzətu Tuvəyric" mərasimi zamanı izdiham və sıxlığın vəziyyətini dərhal və anlıq izləməkdir ki, hər hansı bir sıxlıq və ya fövqəladə hal yaranarsa, məsul qurumlar operativ şəkildə müdaxilə edərək izdihamı düzgün istiqamətləndirə və bölüşdürə bilsinlər".
Nəzarət sisteminin əhatə dairəsinə toxunan Əl-Əsfur deyib: "Bu şəbəkə Kərbəla şəhərinin qədim hissəsində və ətraf rayonlarda yerləşdirilən 2 minə yaxın sabit və hərəkətli kameranı əhatə edir. Həmçinin bu planda sifəti tanıyan qabaqcıl kameralar, zəvvarları sayan sistemlər və termal kameralardan da istifadə olunub".
O, vurğulayıb ki, bütün bu avadanlıqlar süni intellekt texnologiyaları ilə dəstəklənən ən yeni sistemlərdən bəhrələnir və təhlükəsizlik səviyyəsinin yüksəldilməsində, izdihamın idarə olunmasında və zəvvarlara xidmət göstərilməsinin asanlaşdırılmasında mühüm rol oynayacaq.
Bu tədbirlər Abbasın (ə) müqəddəs ziyarətgahının Aşura mərasiminin daha möhtəşəm və təhlükəsiz keçirilməsi üçün nəzərdə tutulmuş hərtərəfli təhlükəsizlik və xidmət planının bir hissəsidir; zəvvarların sağlamlığının qorunması, izdihamın hərəkətinin nizamlanması və matəm ayinlərinin nizamlı keçirilməsini təmin etmək məqsədi daşıyan bir plan.
4359827