"İQNA" xəbər agentliyinin "Şəfəqna Ərəbi"yə istinadən verdiyi məlumata görə, Əfqanıstanın paytaxtı Kabilin yerli mənbələri Aşura mərasimlərindən sonra gərginliyin artdığını, Taliban rəsmiləri tərəfindən bir neçə şiə aliminin və nümayəndəsinin çağırılaraq bir neçə saat saxlanıldığını xəbər veriblər. Bu gərginlik Məhərrəm ayı ilə bağlı matəm bayraqlarının qaldırılması ilə bağlı yaranan fikir ayrılığından qaynaqlanıb.
Mənbələrin verdiyi məlumata görə, Talibanın nəzarətində olan Ədliyyə Nazirliyi Şiə Alimləri Şurasının və şiələrin ali dini rəhbərliyinin nümayəndələrini nazirliyin mərkəzi ofisinə çağırıb və onları səhərdən günortayadək saxlayıb. Daha sonra onları bəzi məscid və hüseyniyyələrdən Məhərrəm bayraqlarının yığışdırılması ilə bağlı göstərişlərə riayət etmələri barədə öhdəlik sənədlərini imzalamağa məcbur ediblər.
Mənbələr əlavə edib ki, hakimiyyət orqanları bu hadisələrlə bağlı şiə icmasının azı 30 üzvünü saxlayıb və onlardan bəziləri hələ də həbsdədir. Hesabatlarda bildirilir ki, saxlanılanların bəzilərinin azadlığa buraxılması dini mərasimlərin keçirildiyi yerlərdən matəm bayraqlarının yığışdırılması şərtinə bağlanıb.
Bu hadisələr Taliban üzvləri ilə Kabildə Aşura mərasimində iştirak edənlər arasında toqquşmalar, o cümlədən son günlər matəm plakatlarının sökülməsi, cırılması və bir neçə nəfərin həbs edilməsi barədə xəbərlərdən sonra baş verib. Əfqanıstan Şiə Alimləri Şurası daha əvvəl Taliban rəsmilərindən ölkə daxilində Aşura mərasimləri və yığıncaqlarının təhlükəsizliyini təmin etməyi, matəm mərasimlərinin sərbəst keçirilməsinə zəmanət verməyi və Məhərrəm ayında dini ayinlərin yerinə yetirilməsinə hər hansı məhdudiyyət qoymaqdan çəkinməyi tələb etmişdi.
Aşura mərasimləri zamanı hakimiyyət orqanları ilə şiə icmasının üzvləri arasında davam edən gərginlik fonunda Əfqanıstanda dini azadlıqların və dini ayinlərin icrası ilə bağlı narahatlıqlar artıb.
4360661