IQNA

Qəzza sakinlərinin köçürülməsi planının adı dəyişdirildi

14:19 - June 30, 2026
Xəbər sayı: 3500642
İQNA – Xəbər mənbələri bildirirlər ki, İsrail rejiminin Qəzza sakinlərini köçürmək üçün hazırladığı "könüllü miqrasiya" planı müxtəlif ölkələr tərəfindən müsbət qarşılanmayıb və rejim planın adını dəyişməyə məcbur olub.

“İQNA”, "Anadolu" agentliyinə istinadən xəbər verilir ki, İsrail rejimi "könüllü miqrasiya" adı altında Qəzza əhalisini köçürmək cəhdində uğursuzluğa düçar olduqdan sonra indi yeni bir plana əl atıb və əvvəlki planın adını dəyişib.

İsrailin 13-cü kanalının məlumatına görə, rejim rəsmiləri təhlükəsizlik iclasında bu məsələni müzakirə etdikdən sonra yeni bir planı gündəmə gətiriblər; İsrail rejimi təhlükəsizlik orqanlarına və Mossada göstəriş verib ki, bundan sonra Qəzza sakinlərinin köçürülməsi üçün "könüllü miqrasiya" terminindən istifadə etməsinlər.

Bu addım sözügedən terminin geniş beynəlxalq tənqidlərə məruz qalmasından sonra atılıb. Beynəlxalq ictimaiyyət bunu məcburi köçkünlüyün təşviqi kimi qiymətləndirir; məhz bu səbəbdən bir çox ölkə Qəzzada yaşayan fələstinli vətəndaşları qəbul etməkdən imtina edib.

Hesabatda qeyd olunur ki, bundan sonra bütün rəsmi iclaslarda və yazışmalarda "sərbəst hərəkət planı" terminindən istifadə ediləcək. İsrailin 13-cü kanalı əlavə edib: "Müvafiq ölkələrlə əlaqədə olan mənbələr ifadələrin dəyişdirilməsinin bu ölkələrin mövqelərini dəyişməyə və əvvəlki uğursuzluqlardan sonra planı yenidən canlandırmağa kömək edə biləcəyinə dair nikbinlik ifadə ediblər."

Aprel ayında İsrailin "Haaretz" qəzeti xəbər vermişdi ki, Binyamin Netanyahu beynəlxalq məsələlər üzrə müşaviri Karolin Qlikə fələstinlilərin köçürülməsi proqramlarını irəli aparmağı, o cümlədən separatçı Somalilend bölgəsi və Konqo Demokratik Respublikası ilə əlaqə saxlamağı tapşırıb, lakin bu cəhdlər heç bir nəticə verməyib.

Qəzza zolağında təxminən 2,4 milyon fələstinli yaşayır; İsrail rejimi 2007-ci ildən bəri bu ərazini mühasirədə saxlayır. Bu mühasirə son illərdə İsrail rejiminin Qəzza zolağına etdiyi hücumlarla daha da ağırlaşıb.

4361017

captcha