“İQNA”-nın "Bernama" agentliyinə istinadən verdiyi məlumata görə, Malayziya İslam İnkişafı Departamenti (JAKIM) bəyan edib ki, dini kitab nəşriyyatları İslam mətnlərinin toxunulmazlığını qorumaq üçün xüsusi daxili nəzarət mexanizmləri yaratmalıdırlar.
JAKIM Malayziya Milli Kitab Şurasından nəşriyyatlara xatırladıb ki, Quran və hədis mətnlərini ehtiva edən dini kitabların nəşri zamanı daha ehtiyatlı və dəqiq olsunlar.
Təşkilatın baş direktoru Siracəddin Səhimi bəyanatında bildirib ki, bu idarə, ştatların dini qurumları ilə birlikdə nəşrlərin şəriət tələblərinə uyğunluğunu təmin etmək üçün dini kitab nəşriyyatlarına təlimat verməyə hazırdır.
Bu açıqlamalar sosial media təsirli şəxslərdən biri tərəfindən yazılmış dini kitabda yol verilən səhvlərlə bağlı yaranan qalmaqaldan sonra verilib.
O bildirib ki, qurum din işləri naziri Zülküfli Həsənin qəti mövqeyini dəstəkləyir. Nazir nəşriyyatları İslamın müqəddəsliyini qorumağa və dini kitabların müvafiq orqanlar tərəfindən yoxlanılmasını təmin etməyə çağırmışdı.
Siracəddin deyib: "Müəlliflər hazırladıqları kitabların bütün məsuliyyətini üzərilərinə götürməlidirlər; dini kitab nəşriyyatları isə nəşrdən əvvəl bütün dini məzmunu yoxlamaq üçün İslamşünaslıq üzrə mütəxəssislərdən və ixtisaslı kadrlardan ibarət heyət təyin etməlidirlər".
Malayziyanın "Nəşrül-Quran" nəşriyyat kompleksi Şərqi Asiyada ən böyük, dünyada isə (Mədinədəki Kral Fəhd Quran Çapı Kompleksindən sonra) ikinci ən böyük Quran çapı və nəşri mərkəzi hesab olunur. Bu mərkəz dünyanın hər yerindən Quran sevərləri və Quran incəsənəti ilə maraqlananları özünə cəlb edir.
Malayziya Quran Nəşri Fondu ildə 3 milyon nüsxə Quran istehsal etmək gücünə malikdir və hazırda ildə bir milyon nüsxə Quran çap edir. Bu kompleksdə Quranın ingilis, çin, malay (bəhasa), tay və rus dilləri də daxil olmaqla müxtəlif dillərə tərcümələri də nəşr olunur.
Bu mərkəzdə Malayziyaya xas olan, Cavi xətti və Malay üslubunda İran təzhibi (naxışları) ilə dizayn edilmiş Quranın çapından əlavə, hədəf ölkələrin xüsusi rəmzləri və rənglərindən istifadə edilməklə Cənub-Şərqi Asiyada geniş yayılan səkkiz dildə də Quran kitabları dizayn və nəşr edilir.
4361257