“İQNA”, "Masrawy" agentliyinə istinadən xəbər verir ki, Misirin Vəqflər naziri Usamə Əl-Əzhəri və Dəqəhləyə vilayətinin qubernatoru general-mayor Tariq Mərzur ötən bazar günü, iyulun 19-da Əl-Mənsurə şəhərindəki "Ən-Nəsr" məscidində keçirilən "Tilavət dövləti" müsabiqəsinin ikinci mövsümünün ilkin seçmə mərhələlərini izləyiblər. Dəqəhləyə və Dümyaat vilayətlərindən olan iştirakçıların qatıldığı bu mərhələdə ən istedadlı və gözəl səsli qarilərin seçilməsi nəzərdə tutulur.
Usamə Əl-Əzhəri mərasimdə vurğulayıb ki, "Tilavət dövləti" müsabiqəsinin məqsədi Misirdə ən gözəl və xoş ahəngli Quran səslərini kəşf etməkdir.
O əlavə edib: "Misir öz tarixi boyu İslam dünyasının səmasını işıqlandıran onlarla, yüzlərlə məşhur qari yetişdirib."
Əl-Əzhəri izah edib ki, Misir Vəqflər Nazirliyi ümid edir ki, bu müsabiqə Misir tilavət məktəbinin irsini daşıyacaq və onun qabaqcıl rolunu davam etdirəcək yeni nəsil qarilərin üzə çıxmasına kömək edəcək.
O, bildirib: "Müxtəlif vilayətlərdən olan iştirakçıların bu yarışmada rəqabəti yeni Quran istedadlarının kəşfinə kömək edir, uşaqları və gəncləri Qurani-Kərimi əzbərləməyə və tilavət qaydalarına yiyələnməyə təşviq edir."
General-mayor Tariq Mərzur isə qeyd edib: "Allahın kitabının hafizləri və seçkin Quran səslərinin sahibləri Misir dövləti, ərəb və İslam dünyası üçün möhkəm bir sipərdirlər və onlar tolerantlıq, mötədillik və vətənə bağlılıq dəyərlərini təcəssüm etdirirlər."
Qeyd edək ki, Misirdə bir müddət əvvəl başlayan "Tilavət dövləti" proqramının ikinci mövsümü ölkənin müxtəlif vilayətlərindən istedadlı qarilərin kəşf edilməsi və yetişdirilməsi istiqamətində davam edir. Bu proqram Vəqflər Nazirliyi və "Əl-Müttəhidə" Media Xidmətləri şirkətinin əməkdaşlığı ilə Quran hafizlərinə dəstək olmaq və təcvid qaydalarına uyğun düzgün oxuma mədəniyyətini təbliğ etmək məqsədilə istehsal olunur.
Ötən il "Tilavət dövləti"nin birinci mövsümü ölkənin müxtəlif vilayətlərindən istedadları və seçkin tilavət sahiblərini aşkar etmək məqsədilə keçirilmiş və "Əl-Həyat", "CBC", "Ən-Nas", "Misr Quran-i Kərim" telekanallarında, eləcə də "watch it" platformasında yayımlanmışdı.
4365057