"İqna" xəbər agentliyinin "Əl-Aləm"ə istinadən verdiyi məlumata görə, Livan Hizbullahı bu gün, cümə günü (9 avqust) yaydığı bəyanatda ABŞ-ın İraqa son hücumlarını kəskin şəkildə pisləyərək, bunu "rəsmi bir İraq qurumuna qarşı açıq və təhlükəli təcavüz", eləcə də "beynəlxalq hüququn, İraqın suverenliyinin və müstəqilliyinin açıq şəkildə pozulması" kimi qiymətləndirib.
Hizbullahın bəyanatında deyilir: "Bir ərəb ölkəsinin də iştirakı ilə həyata keçirilən bu açıq və təhlükəli təcavüz bütün region üçün çox ağır nəticələrə malikdir və yalnız regionu qeyri-sabitləşdirmək, İslam ümməti arasında təfriqə salmaq və daxili qırğınlara səbəb olmaq üçün ABŞ-sionist layihəsinin maraqlarına xidmət edir".
Hizbullah bəyanatının davamında bu hücumda ABŞ-la yanaşı bir ərəb ölkəsinin iştirakına işarə edərək, Səudiyyə Ərəbistanını açıq şəkildə tənqid edib və bildirib: "Səudiyyə Ərəbistanını İraq və onun xalqı ilə birləşdirən mehriban qonşuluq, qardaşlıq və tarixi əlaqələrin tələblərinə əsasən, Ər-Riyadın Amerika və sionist düşmənin siyasətlərini izləmək və regionun sabitliyini pozmaq üçün onların planlarının bataqlığına batmaq əvəzinə, dialoqa və İraq hökuməti ilə diplomatik kanallar açmağa üz tutması daha məqsədəuyğun olardı".
"Amerika düşməninin iraqlıların qanını tökməkdə irəliləməsi onun təcavüzkar niyyətlərini bir daha üzə çıxarır" vurğulayan bəyanatda xəbərdarlıq edilib ki, bu təcavüzlər qarşısında susmaq və bu təhlükəli gedişata göz yummaq regionu yaxşı sonu olmayan ağır nəticələrə doğru sürükləyəcək.
Hizbullah bəyanatının sonunda İraq və bu ölkənin xalqı ilə həmrəyliyini elan edərək, ABŞ-ın təcavüzkar siyasətlərini dayandırmaq və ölkələrin suverenliyini qorumaq üçün ərəb dünyası, İslam dünyası və beynəlxalq ictimaiyyət tərəfindən dərhal, qətiyyətli və məsuliyyətli bir mövqe tutulmasının vacibliyini vurğulayıb.
4367262