IQNA

Ərbəin zəvvarlarına xidmət üçün çoxdilli mərkəzlərin yaradılması

10:46 - August 02, 2026
Xəbər sayı: 3500875
İQNA- İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının İctimaiyyətlə Əlaqələr şöbəsi artıq ikinci ildir ki, xarici zəvvarlar üçün çoxdilli ixtisaslaşdırılmış mərkəzlər vasitəsilə hərtərəfli bələdçilik və xidmət planını icra edir. Bu plan qeyri-iraqlı zəvvarların Ərbaəin mərasimində iştirakını asanlaşdırmaq və bu beynəlxalq ziyarətin mahiyyətinə uyğun olaraq tərcümə, dini və mədəni bələdçilik xidmətləri göstərmək məqsədilə tərtib edilmişdir.

"İQNA"-nın İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının saytına istinadən verdiyi məlumata görə, ziyarətgahın İctimaiyyətlə Əlaqələr şöbəsinin Beynəlxalq Əlaqələr bölməsinin məsulu Qeys əl-Həsəni bildirib: "Bu proqram artıq ikinci ildir ki, Kərbəlaya üz tutan xarici zəvvarlara bələdçilik və dəstək göstərmək məqsədilə icra olunur. Mərkəzlər tərcümə, dini və mədəni bələdçilik, həmçinin ziyarət marşrutlarının təqdim edilməsi sahəsində müxtəlif xidmətlər göstərir".

O, əlavə edib: "Bu mərkəzlərin yaradılması Ali Mərceiyyətin nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlayinin göstərişləri əsasında və xarici zəvvarların sayının durmadan artması nəzərə alınaraq həyata keçirilib. Mərkəzlərin vəzifəsi zəvvarların müqəddəs məkanlara çıxışını təmin etmək, ziyarət marşrutlarını tanımaq və şəriət, habelə mədəni suallarına cavab tapmaqda onlara yardım etməkdir ki, onların Ərbaəin mərasimində iştirakı daha rahat olsun".

Əl-Həsəni planın fəaliyyət dairəsinə işarə edərək deyib: "Bələdçilik mərkəzləri üç əsas istiqamətdə, o cümlədən İmam Hüseyn (ə) müqəddəs ziyarətgahına bağlı olan qonaq evlərində və Kərbəla şəhər mərkəzində yerləşdirilib. Bu mərkəzlərdə müxtəlif dillərdə, o cümlədən ingilis, alman, fransız, fars və urdu dillərində tərcümə xidmətləri göstərən mütəxəssislər və bələdçilər fəaliyyət göstərir. Bu proqram Bağdad Universitetinin Ədəbiyyat fakültəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir".

O sözlərinə davam edərək qeyd edib: "Bu mərkəzlərdəki bələdçilər müqəddəs ziyarətgahların tarixi, ziyarət ədəbləri və əməlləri, ibadət proqramları, eləcə də zəvvarların ehtiyac duyduğu imkanlar haqqında geniş məlumatlar təqdim edirlər ki, xarici zəvvarlar Ərbaəin mərasimində daha agah və rahat şəkildə iştirak edə bilsinlər".

İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının Beynəlxalq Əlaqələr bölməsinin məsulu bildirib: "Bu plan həmçinin ziyarətgahın təbliğatçıları və Nəcəfi-Əşrəf elmi hövzəsinin bir qrup fəzilətli aliminin əməkdaşlığı ilə həyata keçirilən xüsusi dini təbliğat bölməsinə malikdir. Bu bölmədə dini və mədəni anlayışlar zəvvarların ana dilində təqdim edilir və onların əqidəvi, fikri və mədəni suallarına cavab verilir".

O, vurğulayıb: "Bu təşəbbüs İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının xarici zəvvarlara göstərdiyi qayğını və Ərbaəin ziyarətinin beynəlxalq ölçüsünün gücləndirilməsindəki rolunu göstərir. Bu addım mədəni əlaqələrin genişlənməsinə, xalqlar arasında dialoqun dərinləşməsinə, İmam Hüseynin (ə) hərəkatının insani və qlobal mesajının tanıdılmasına kömək edir".

İmam Hüseyn (ə) müqəddəs ziyarətgahı Ərbaəin zəvvarlarına xidmət proqramı çərçivəsində yerli və xarici zəvvarlara ən yaxşı xidmətləri göstərmək üçün özünün bütün xidmət, mədəni, tibbi, mühəndislik, icra və media imkanlarını səfərbər edib və Kərbəlayi-Müəllaya gedən yollarda və sərhəd keçid məntəqələrində xidmət göstərməyə davam edir.

4367541

Teqlər: Ərbəin ، kərbəla ، İraq ، zəvvar
captcha