IQNA

10:47 - August 12, 2026
Xəbər sayı: 3500945

Səudiyyə Ərəbistanının 46-cı Beynəlxalq Quran müsabiqəsində iştirakçıların rəqabəti davam edir

İQNA – Kral Əbdüləziz adına 46-cı Beynəlxalq Quranın hifzi, qiraəti və təfsiri müsabiqəsinin üçüncü günündə münsiflər heyəti iştirakçıların tilavətlərini dinləyib.

"İQNA"-nın Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyinə (SPA) istinadən verdiyi məlumata görə, müsabiqənin üçüncü günündə oğlan və qızların münsiflər heyəti iştirakçıların qiraətlərini dəyərləndirib.

Üçüncü gün müsabiqəyə 25 kişi və 15 qadın iştirakçı qatılıb, yarışlar səhər və günorta olmaqla iki növbədə keçirilib. Oğlanların çıxışları Məkkədəki Məscidül-Həramda, qızların çıxışları isə müsabiqənin keçirildiyi "Hilton" otelində baş tutub. Bununla da, final mərhələsi başlayandan bəri münsiflər heyəti qarşısında çıxış edən iştirakçıların ümumi sayı təsdiqlənmiş qrafikə əsasən 61 ölkəni təmsil edən 106 nəfərə çatıb.

Münsiflər heyəti Quran elmləri, qiraət və təcvid qaydaları üzrə ixtisaslaşmış tanınmış beynəlxalq hakimlərdən ibarətdir. İştirakçıların çıxışları hifz, qiraət, təcvid (Quranın oxunma qaydaları) və ifa keyfiyyəti kimi meyarlar əsasında ciddi qiymətləndirilir. Bu qiymətləndirmə nazirliyin qabaqcıl elektron hakimlik sistemindən istifadə etməklə həyata keçirilir ki, bu da xalların hesablanmasının dəqiqliyini artırır, ədalət və şəffaflığı təmin edir, həmçinin nəticələrin elan olunmasını sürətləndirir.

Dünyanın hər yerindən gələn hafizlərin iştirakı ilə davam edən seçim turları Səudiyyə Ərəbistanının Qurani-Kərimə və onun əhlinə xidmət etmək, müsəlmanları onu əzbərləməyə, oxumağa və mənaları üzərində düşünməyə təşviq etmək istiqamətindəki davamlı səylərini nümayiş etdirir. Qeyd edək ki, müsabiqənin 46-cı dövrəsində 133 ölkədən 334 kişi və qadın iştirakçı beş kateqoriya üzrə yarışır: 1. Şatibiyyə yolu ilə yeddi qiraət üzrə bütün Quranın hifzi (gözəl ifa və ahənglə); 2. Bütün Quranın hifzi, gözəl ifa və təfsiri; 3. Bütün Quranın hifzi (gözəl ifa və ahənglə); 4. Ardıcıl 15 cüzün hifzi (gözəl ifa və ahənglə); 5. Ardıcıl 5 cüzün hifzi (gözəl ifa və ahənglə).

Digər tərəfdən, Səudiyyə Ərəbistanının İslam İşləri, Dəvət və İrşad Nazirliyi Məscidül-Həramın yaxınlığında keçirilən Kral Əbdüləziz adına 46-cı Beynəlxalq Quran müsabiqəsinin final mərhələsi ilə bağlı tədbirlərin və iştirakçıların tilavətlərinin canlı video və audio yayımını təşkil edib.

Yarışlar nazirliyin rəqəmsal platformaları, o cümlədən "X" (Twitter), Facebook, YouTube və TikTok, eləcə də Quran müsabiqəsi üzrə baş katibliyin platformaları vasitəsilə yayımlanır və bu, Səudiyyə Ərəbistanında və dünyanın hər yerində tamaşaçılara tilavətləri və müsabiqənin gedişatını izləmək imkanı verir.

4369188

Teqlər: ərəbistan ، quran ، müsabiqə ، qiraət
captcha