“Bərnama” agentliyinin məlumatına görə, Perlis Universiteti JAKIM-in Darul-Quran mərkəzinin nəzarəti altında texniki və peşə təhsili (TVET) ixtisaslarında Quran hifzi üzrə sertifikat proqramı icra edir.
Bu proqram texniki sahələrdə oxuyan tələbələr arasında peşəkar hafizlərin yetişdirilməsi məqsədilə başlayıb.
Universitetin prorektor müavini Zuleyman Savli bildirib ki, proqramın ilkin təqdimatı və valideynlər üçün maarifləndirici iclas 2025/2026-cı tədris ilinin ilk həftəsində universitetin Pau Putra kampusunda keçirilib.
O, jurnalistlərə açıqlamasında deyib ki, Quran hifzi proqramının ilk mərhələsinə Elektrik Mühəndisliyi və Texnologiyaları fakültəsi, Elektronika Mühəndisliyi və Texnologiyaları fakültəsi, həmçinin Mexanika Mühəndisliyi və Texnologiyaları fakültəsindən 8 tələbə qoşulub.
Onun sözlərinə görə, “İnşallah, bu proqram gələcək illərdə daha da genişlənəcək və daha çox tələbə qəbul olunacaq. Beləliklə, həm texniki mütəxəssislər, həm də Quranda bacarıqlı mühəndislər yetişdiriləcək.”
Savli əlavə edib ki, Quran hifzi üzrə sertifikat proqramının bütün təfərrüatları Darul-Quran tərəfindən hazırlanıb və bu proqram Perlis Universitetində Quran öyrənməyə marağı və bacarığı olan tələbələrə qeydiyyatdan keçmək imkanı verir.
Xatırladaq ki, Malayziyanın Baş naziri Anvar İbrahim dəfələrlə müsəlman gənclərin İslam elmləri ilə yanaşı texniki bacarıqlara yiyələnməsinin vacibliyini vurğulayıb və süni intellekt kimi sahələrdə İslami dəyərlərin tətbiqinə diqqət çəkib.
O, ötən il İslam, tibb və mühəndislik ixtisasları üzrə təhsil alan malayziyalılar üçün maliyyə dəstəklərinin və təqaüdlərin artırıldığını elan edib, məqsəd isə bu sahələrdə gənclərin inkişafını təşviq etmək olub.
Bundan başqa, ənənəvi olaraq Quran elmlərinə yönəlmiş hifz mərkəzlərinin şagirdləri artıq texniki və peşə təhsili proqramlarına da cəlb olunmağa təşviq edilirlər.
Anvarın sözlərinə görə, bu təşəbbüs sayəsində tələbələr mühəndislik, süni intellekt və digər sahələrdə bacarıqlar qazanmaqla yanaşı, Quran və ərəb dili üzrə biliklərini də qoruyub saxlaya bilirlər. Hətta onların bəziləri pilot olmağı da bacarıblar.
4307484