
“İQNA”-nın "Əl-Cəzirə"yə istinadən verdiyi məlumata görə, 35 ildən çox ərəb xəttatlığı (İslam xəttatlığı) və İslam naxışları (təzhib) sahəsində təcrübəsi olan Dağıstanlı xəttat Süleyman Aşirləyev bütün Quranı əllə yazıb. Bu, son onilliklərdə həmin bölgədə nadir hesab olunan bir nailiyyətdir.
Dağıstanda məscidlərin bəzədilməsi və təzhib işləri ilə tanınan Süleyman dini və mədəni dairələrdə hörmətlə qarşılanır. O, ərəb xəttatlıq sənətinin qorunması və inkişafındakı uzunmüddətli fəaliyyətinə görə yerli mükafatlara və fəxri adlara layiq görülüb.
"Əl-Cəzirə"yə müsahibəsində Aşirləyev ərəb xəttatlığı ilə münasibətinin hələ uşaqlıq illərində, hərflərin formasına ilk dəfə heyran olduğu vaxtdan başladığını bildirib.
O, bu sahədəki ilk xatirələrindən birini belə xatırlayır: "Məktəbə başlamazdan əvvəlki dövrü xatırlayıram; atamın öz əli ilə yazdığı adımı görəndə, mən də onu qırmızı qələmlə yazmışdım. Təxminən beş yaşım vardı və elə o andan ərəb xəttatlığına olan həqiqi marağım başladı."
Aşirləyev illər ərzində Dağıstanda və digər regionlarda onlarla məscidi öz sənəti ilə bəzəyib. O, bütün Quranı köçürməyə qərar verməzdən əvvəl 100-dən çox məscidin təzhib (qızılı naxışlarla bəzədilmə) işlərində iştirak edib.
Xəttat qeyd edib ki, vaxtının çox hissəsini Quranın yazılmasına həsr edib və bu iş, namaz vaxtları və kəndindəki digər zəruri işlər istisna olmaqla, dörd ay 19 gün ərzində davamlı günlük çalışma nəticəsində başa çatıb.
Aşirləyev əlyazma Quranların dəyərini yalnız onların qədimliyi və ya nadirliyi ilə ölçmür; o, hesab edir ki, bu Quranların ən mühüm xüsusiyyəti xəttin keyfiyyəti və bu sahədə təsdiqlənmiş bədii qaydalara mükəmməl hakim olmaqdır.
O deyir ki, bir çox insan qiymətləndirmək üçün ona qədim Quranlar gətirir, lakin onun fikrincə, əsl dəyər xəttin gözəlliyində və xəttatın əsrlər boyu ustad xəttatlar tərəfindən qoyulmuş sənət prinsiplərinə sadiqliyindədir.
Aşirləyev Quranı ərəb xəttatlığının ən mürəkkəb növlərindən biri olan "Sülüs" xətti ilə yazmağa qərar verib. Bu xətt Kəbə örtüklərinin üzərindəki bəzəklər və ayələr üçün istifadə olunur. O, "Əl-Cəzirə"yə bildirib ki, bu xətti seçməkdə məqsədi Dağıstan və Qafqaz xalqlarının Qurani-Kərimlə əlaqəsini ifadə edən bir əsər yaratmaq olub.
4356953