“İQNA”-nın “Anadolu” Agentliyinə istinadla verdiyi xəbərə görə, dünya katolikləri lideri Papa XIV Leo, İspaniyanın beynəlxalq hüquqa, çoxtərəfliliyə verdiyi dəstəyə və sülhə nail olmaq öhdəliyinə görə bu ölkəyə təşəkkür edib.
Papa XIV Leo gələn cümə gününə qədər davam edəcək İspaniyaya səfərinə başlayıb.
Papa Madrid Kral Sarayında kral VI Flipp və ailə üzvlərinin, baş nazir Pedro Sançesin, hökumət üzvlərinin və siyasi, diplomatik və dini sahələrin yüksək vəzifəli şəxslərinin iştirakı ilə çıxış edib.
O, İspaniya hökumətinin ABŞ və İsrailin İrana qarşı hücumlarına qarşı çıxması, İsrailin Qəzzaya hücumlarını soyqırım adlandırması, Fələstin dövlətini rəsmən tanıması və iki dövlətli həll yolunu dəstəkləməsi siyasətinə toxunub.
Dünya katolikləri lideri İspaniyaya beynəlxalq hüquqa və çoxtərəfliliyə verdiyi dəstəyə, habelə sülh öhdəliyinə görə təşəkkür edib.
Papa XIV Leo çıxışında İspaniyada İslam hakimiyyəti dövrünə (711-1492) də işarə edərək bildirib: "Həmin dövrdə İslamın İspaniyadakı varlığı yalnız münaqişə dövrü olmayıb, əksinə xristianlar, müsəlmanlar və yəhudilər arasında həqiqətin mənası haqqında dialoq və birgəyaşayış üçün bir məkan yaratmışdır."
O, ispan siyasətçiləri və qurum rəsmilərini məktəblərə, universitetlərə, elmi araşdırmalara və vətəndaş cəmiyyətinə yatırılan sərmayəni artırmağa çağırıb.
Papa deyib: "Təhlükəsizliyə nail olmaq üçün silahlara və divarlara güvənmək əvəzinə, tərəqqi üçün çiyin-çiyinə çalışmalıyıq."
Bu kontekstdə Papa qeyd edib: "İspaniyada üç ibrahimi dinin mənsubları kral X Alfonsonun rəhbərliyi altında zəngin ərəb irsinin tərcüməsində əməkdaşlıq ediblər və Kordova və Toledo kimi şəhərlər dillər, dinlər və biliklər arasında vasitəçilik və əlaqə mərkəzlərinə çevrilib."
Papa bu yaxınlarda ABŞ prezidenti Donald Trampın tənqidləri ilə üzləşib. Bu çərçivədə onun İspaniya parlamentinə Yaxın Şərq ilə bağlı sülh mesajlarını çatdıracağı gözlənilir. Bu mesajlar İspaniya hökumətinin Fələstin dövlətini rəsmən tanıması, İsrailə qarşı sanksiyaların tətbiqi və iki dövlətli həll yolunda israr etməsi siyasəti ilə üst-üstə düşür.
Həmçinin gözlənilir ki, o, miqrant məsələsi ilə bağlı qütbləşmə və nifrət qarşısında dözümlülüyə çağırış edəcək.
4356856