IQNA

Sionist rejimin hücumları ilə Qəzzada atəşkəsin təkrar-təkrar pozulması

15:59 - February 08, 2026
Xəbər sayı: 3499706
İQNA – Sionist rejimin ordusu atəşkəsi dəfələrlə pozaraq Qəzza zolağının müxtəlif bölgələrini hava və artilleriya hücumları ilə hədəfə alıb, nəticədə bir sıra fələstinli vətəndaş şəhid olub və yaralanıb.

“İQNA”-nın məlumatına görə, fələstinli media qurumları bildiriblər ki, sionist rejimin ordusu cümə günü axşam saatlarında atəşkəsi pozmağa davam edərək Qəzza zolağına hücumlarını gücləndirib və günün son saatlarında bir neçə fələstinlinin yaralanmasına səbəb olub.

Bu hücumlarda Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şimal-şərqində yerləşən “əl-Qarara” kəndində bir fələstinli işğalçı İsrail hərbçilərinin açdığı atəş nəticəsində yaralanıb. Həmçinin İsrail ordusunun tanklarından açılan ağır atəş nəticəsində şəhərin cənubundakı əl-Buraq məhəlləsində məcburi köçkünlərin çadırlarının hədəfə alınması ilə beş nəfər yaralanıb.

Bundan başqa, Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bələh şəhərinin mərkəzində bir başqa fələstinli sionist rejim hərbçilərinin açdığı atəşlə yaralanıb.

Hücumların davamında İsrailin hərbi təyyarələri Qəzza şəhərinin şərqində, Zeytun məhəlləsində Əsqula meydanının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasını sakinlərə bir neçə dəqiqəlik təxliyə xəbərdarlığı etdikdən sonra raketlə tamamilə dağıdıblar. Həmçinin Qəzza zolağının şimalında artilleriya hücumları və İsrail hərbçilərinin atəşi nəticəsində iki fələstinli şəhid olub.

Digər tərəfdən, sionist rejimin döyüş helikopterləri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə intensiv atəş açıblar və rejimin hərbi maşınları Deyr əl-Bələh şəhərinin şərq bölgələrini hədəfə alıblar.

4332798

captcha