İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei dəftərxanasının rəsmi saytına istinadən verdiyi xəbərə görə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 11-ci hökumət kabineti ilə çərşənbə günü (28 avqust 2013) səhər keçirdiyi ilk görüşdə yeni hökumət kabinetinin tez bir zamanda işə başlaması üçün koordinasiya nümayiş etdirdiklərinə görə hökumət və parlamentə qədirdanlığını bildirdi. O, cənab Ruhaninin arzulanan, etimad qazanmış, aydın inqilabi keçmişi olan bir ölkə başçısı olduğunu qeyd etdi. Arzulanan bir hökumətin əsas meyarlarını açıqlayan Ali Məqamlı Rəhbər mənəvi-ideoloji sağlamlıq, xalqa xidmət, ədalət, sağlam iqtisadiyyatın təmin olunması və korrupsiyaya qarşı mübarizə, qanunçuluq, müdriklik, rasionallıq, ölkənin daxili potensialına əsaslanma kimi xüsusiyyətləri sadalayaraq aşağıdakıları vurğuladı: “Elm və iqtisadiyyat sizin üçün prioritet olmalıdır. İnflyasiyanı kontrol altına alaraq xalqın əsas ehtiyaclarını qarşılamağa, istehsalı rövnəqləndirməyə, iqtisadi sferada dinamiklik və sakitlik yaratmağa, əhalinin gələcəyə olan ümidini artırmağa, bu ümidin davamlı olmasını təmin etməyə çalışın”.
Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, Amerikanın Suriyaya hərbi müdaxilə ilə bağlı təhdidləri region üçün mütləq faciədir. O vurğuladı: “Hərbi müdaxilə və müharibəyə olan hər cür meyllilik, heç şübhəsiz, bu alovu körükləyənlərin ziyanına olacaq”.
Hökumət həftəsi münasibətilə icraedici hakimiyyətin bütün işgüzar rəsmilərini, rəhbər işçilərini və əməkdaşlarını təbrik edən Həzrət Ayətullah Xamenei dedi: “Hökumət həftəsi iki əziz şəhidimizin – şəhid Rəcayi və Bahonərin adı ilə zinətlənib. İş başına keçən bütün hökumət administrasiyalarının bu iki şəhidin adını və hədəflərini rəhbər tutması məna dolu bir addımdır”.
Ali Məqamlı Rəhbər prezidentin işi yubatmadan yeni hökumət kabinetinin üzvlərini ən qısa zamanda parlamentə təqdim etməyə səy göstərməsini yüksək dəyərləndirərək aşağıdakıları vurğuladı: “Parlamentin təklif olunan nazirlər kabinetinə müsbət rəy verməsi də yeni hökumətin dərhal işə başlaması üçün zəmin yaratdı. Bu, hakimiyyətin iki qolu arasında dəyərli koordinasiyanın mövcud olduğunu, prezident və parlamentin yeni hökumətin tez bir zamanda fəaliyyətə başlaması məsələsinə təqdirəlayiq həssaslıqla yanaşdıqlarını göstərir”.
11-ci hökumətin fəaliyyətində güclü cəhətlərin əyani surətdə özünü büruzə verəcəyinə, əhalinin ümidlərinin davamlı olacağına və artacağına ümidvar olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Aydın inqilabi mübarizə keçmişinə sahib olan, son 30 ildə daim yaxşı və düzgün mövqe nümayiş etdirmiş cənab Ruhaninin varlığı, heç şübhəsiz, yeni hökumətin güclü cəhətlərindən biridir”.
Yeni seçilmiş prezidentin problemlərin həllinə böyük əzmlə yanaşdığına toxunan Ali Məqamlı Rəhbər dedi: “İnşallah, hökumət kabineti də ölkə başçısının möhkəm əzminə söykənərək düzgün kursla irəliləməyə, öhdəsinə düşən ağır vəzifələri yerinə yetirməyə müvəffəq olar”.
Ali Məqamlı Rəhbər 11-ci hökumət kabinetinin üzvləri ilə ilk görüşündə çıxışını İslam dinində bəyənilən və arzulanan hökumət aparatının əsas meyarlarını açıqlamaqla davam etdirdi.
Həzrət Ayətullah Xamenei regionda yaranmış həssas və böhranlı vəziyyətə də toxundu. O dedi: “Biz heç bir vəchlə Misirin daxili işlərinə qarışmaq niyyətində deyilik, lakin Misirdəki insan qırğınına göz yuma bilmirik”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Biz Misirdə əhalinin, özü də əliyalın insanların qətlə yetirilməsini pisləyirik”.
O, əlavə etdi: “Bu qırğının səbəbkarı kim olursa-olsun, İran İslam Respublikası tərəfindən qınanır və ittiham olunur”.
Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar aşağıdakıları da qeyd etdi: “Misir vətəndaş müharibəsindən qəti surətdə çəkinməlidir, çünki bu, İslam dünyası və region üçün bir faciə olacaq”.
Misirdə demokratiyaya və xalqın seçiminə geri dönmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İllərlə diktatura şəraitində yaşamış Misir xalqı islami oyanışın bərəkəti sayəsində sağlam bir seçki keçirdi. Bu demokratikləşmə prosesinin durdurulmasına imkan vermək olmaz”.
Suriyada gedən proseslərə toxunan Ali Məqamlı Rəhbər Amerikanın bu ölkəyə hərbi müdaxilə təhdidlərinin və mümkün müdaxiləsinin region üçün bir faciə olduğunu qeyd etdi. O vurğuladı: “Belə bir şey baş versə, sözsüz ki, Amerika İraq və Əfqanıstana hərbi müdaxiləsində olduğu kimi ziyan çəkəcək”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Transregional, xarici dövlətlərin bir ölkəyə müdaxiləsi konfliktin qızışdırılmasından, müharibə alovunun körüklənməsindən başqa heç bir nəticə verməyəcək, eyni zamanda xalqların onlara olan nifrəti də artacaq”.
O həmçinin vurğuladı: “Konfliktin bu şəkildə gərginləşdirilməsi barıt anbarında yaranan bir qığılcıma bənzəyir. Onun səbəb olacağı partlayışın miqyasını və nəticələrini öncədən müəyyən etmək mümkün deyil”.
1279701