İQNA – Misirli əlyazma eksperti görmə qabiliyyəti məhdud olan insanların Quranın yazılışındakı Kufi xəttinin gözəlliklərini daha yaxşı dərk etmələri üçün yeni bir üsul kəşf edib.
“İQNA”-nın "Əl-Əhram"a istinadən verdiyi məlumata görə, nadir və diqqətçəkən Quran nüsxələrini nümayiş etdirən "Müshəfçi" layihəsinin yaradıcısı, əlyazma eksperti Məhəmməd Məcdi əl-Dib, Lui Braylın nailiyyətləri və onun tarixi sistemindən kənara çıxaraq, görmə qabiliyyəti məhdud olanların toxunma hissi vasitəsilə Quran xətlərinin gözəlliyini dərk etmələrini təmin etməyi qarşısına məqsəd qoyub.
Quran nüsxələri və onların bədii gözəlliyi ilə bağını gündən-günə dərinləşdirən əl-Dib, görmə qabiliyyəti məhdud olanların da Quranın nurlu nüsxələrinin, xüsusən də onların xəttatlığının estetik cazibəsini yaşamalarına çalışır.
Ərəb xətləri və bəzəkləri sahəsində magistr dərəcəsi olan bu gənc arxeoloq, Quran mətninin təqdimat üsulunda inqilab sayılan bir addımla "Toxunula bilən Quran" layihəsini işə salıb.
Bu təşəbbüs görmə qabiliyyəti məhdud olan insanları orijinal ərəb xəttatlığının, xüsusən də Kufi xəttinin və onun həndəsi xüsusiyyətlərinin estetikası ilə yenidən əlaqələndirmək məqsədi daşıyır. Bu layihədə abstrakt nöqtələr sistemindən həndəsi xətlərə əsaslanan sistemə keçid edilmişdir.
Əl-Dib deyir: "Ənənəvi Brayl sisteminin tarixi əhəmiyyətinə baxmayaraq, bu sistem görmə qabiliyyəti məhdud olan oxucuları ərəb xəttatlığının estetikası və Quranın orijinal xətti ilə qarşılıqlı əlaqədə olmaq imkanından məhrum edir. Bu sistemdə onlar hərflərin formasını və ya vizual dəyişikliklərini əks etdirə bilməyən cansız rəqəmsal simvollarla qarşılaşırlar. Digər tərəfdən, Brayl əlifbası ilə yazılmış Quran cildlərinin böyük həcmi onların daşınmasını da çətinləşdirir."
O, izah edib ki, bu layihə "həndəsi modelləşdirmə" prinsipinə əsaslanır. Belə ki, hər bir hərf sabitliyi və əlaqəni təmsil edən üfüqi bir xətdən, habelə əlif, uzadılmış xətlər (məd) və şaquli uzantıları təmsil edən şaquli bir xətdən ibarətdir.
4370269