IQNA

12:44 - August 20, 2026
Xəbər sayı: 3500999

Qurani-Kərimin əzbərlənməsinin inkişaf üsullarının yeni nəslə uyğun olaraq yenidən nəzərdən keçirilməsi zərurəti

İQNA – Cavad Nəsiri Əvənki, İranın Tələbə Quran Təşkilatının və “İQNA”-nın media, təhsil, tədqiqat və studiya imkanlarını təsvir edərək, bu iki qurumun Qurani-Kərim sahəsində fəaliyyət göstərən virtual fəallara xidmət göstərməyə hazır olduğunu bildirdi və dedi: "Quranın əzbərlənməsi sahəsində ən zəruri məsələ, auditoriyanın cəlb edilməsi və Quranın əzbərlənməsinin inkişafı üçün yeni nəslin tələblərinə uyğun olaraq üsulların yenidən nəzərdən keçirilməsidir."

“İQNA”-nın müxbirinin verdiyi məlumata görə, "Quranın əzbərlənməsi mövzusuna diqqət yetirməklə, dini bloqerlərin Quranın təbliğindəki yaşanmış təcrübələrinin araşdırılması" adlı iclas çərşənbə axşamı, avqustun 27-də, Milli Quran Əzbərləmə Planı İdarəetmə Qərargahı ilə əməkdaşlıq çərçivəsində, “İQNA”-nın ev sahibliyi ilə keçirilib. İclasda Quran Əzbərləmə Qərargahının katibi Məhəmməd Mehdi Bəhrululumi, Ölkə Tələbə Quran Təşkilatının rəhbəri və İQNA-nın baş direktoru Cavad Nəsiri Əvənki, Quran Əzbərləmə Qərargahının koordinasiya və nəzarət üzrə məsul şəxsi Hüseyn Tağıpur və sosial şəbəkələrdə Quranın əzbərlənməsi təlimi sahəsində çalışan bir qrup fəal iştirak edib.

İranın Tələbə Quran Təşkilatının rəhbəri və İQNA-nın baş direktoru Cavad Nəsiri iclasın əvvəlində iştirakçıları salamlayaraq bildirdi: "Quran sahəsində fəal və qayğıkeş bir qrupa xidmət etdiyim üçün çox şadam və ümid edirəm ki, bu iclas Quran qurumları ilə Ölkə Tələbə Quran Təşkilatı arasında effektiv və davamlı əlaqə və əməkdaşlıq üçün zəmin yaradacaq."

O, əlavə etdi: "Dostların Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) dəyərli fəaliyyətləri ilə tanış olduqları kimi, bu xəbər agentliyi Quran xəbərləri və hadisələrini işıqlandırmaqla yanaşı, müxtəlif sahələrdə də fəaliyyət göstərir. “İQNA”-nın fəaliyyətinin mühüm bir hissəsi Quran və dini maarif sahəsinə həsr olunub, lakin bununla yanaşı, universitetlər, dini elmlər hövzələri (hovzeyi elmiyyə), sosial məsələlər və ailə, mədəniyyət, incəsənət və ədəbiyyat sahələri də xəbər agentliyinin gündəliyindədir."

Nəsiri Əvənki davam etdi: "İQNA-nın digər mühüm bölmələrindən biri Quran və din mərkəzli yazılı əsərlərin və kitabların istehsalı sahəsidir."

O, tələbələrlə əlaqənin vacibliyini vurğulayaraq dedi: "Tələbə bizim üçün birinci prioritetdir və təşkilatın əsas məqsədlərindən biri tələbələrlə əlaqələrimizi gücləndirməkdir."

“İQNA”-nın Quran fəallarına media dəstəyi üçün hazır olduğunu elan etməsi

İranın Tələbə Quran Təşkilatının rəhbəri iclasın digər hissəsində, virtual məkanda Quranın əzbərlənməsi təlimi sahəsində fəalların çıxışlarını dinlədikdən sonra, bu təşkilatın və İQNA-nın Quran fəaliyyətlərinə dəstək imkanlarına işarə edərək bildirdi: "İranın Tələbə Quran Təşkilatı və İQNA müxtəlif bölmələrə malikdir və bu imkanların bir hissəsi birbaşa Quran fəallarının ixtiyarına verilə bilər."

Nəsiri Əvənki qeyd etdi: "Vacib məqam budur ki, təşkilatın və xəbər agentliyinin bu sahədə təqdim edə biləcəyi xidmətlər, Quran fəaliyyətlərini dəstəkləmək və əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə əlaqədar qurumlar üçün heç bir xərc tələb etmir və bu imkanlardan pulsuz olaraq, birgə əməkdaşlıq çərçivəsində istifadə etmək olar."

“İQNA”-nın baş direktoru davam etdi: "Təşkilatın digər imkanlarından biri də təlim mərkəzidir. Əgər Quran fəallarının və ya təlim qurumlarının ixtisaslaşdırılmış kurslar keçirmək üçün ideya və məzmunları varsa, biz həmin kursları təlim mərkəzində təşkil edə bilərik."

Quranın əzbərlənməsinə dair bəzi ənənəvi yanaşmalara yenidən baxış

Nəsiri çıxışının digər hissəsində dedi: "Virtual məkanda, xüsusən də yeniyetmələr və yeni nəsillə bağlı olaraq, həyat tərzi, kommunikasiya və auditoriyanı cəlb etmə modellərində mühüm dəyişikliklərlə üzləşirik. Quranın əzbərlənməsinə dair bəzi ənənəvi yanaşmalara da yenidən baxmalıyıq."

Quranın əzbərlənməsinin təbliği üçün virtual məkan imkanlarından istifadə zərurəti

“İQNA”-nın hesabatına görə, iclasın davamında Milli Quran Əzbərləmə Planı İdarəetmə Qərargahının koordinasiya və nəzarət üzrə məsul şəxsi Hüseyn Tağıpur Quranın əzbərlənməsi mədəniyyətini inkişaf etdirmək üçün virtual məkanın imkanlarından istifadənin zəruriliyini vurğulayaraq bildirdi: "Bu sahədə mövcud olan məsələlərdən biri, virtual məkanın xüsusiyyətləri (məsələn: məzmun müxtəlifliyi, qısa videolar və yayılma sürəti) ilə Quranın əzbərlənməsinin mahiyyəti arasındakı ziddiyyətdir; çünki Quranın əzbərlənməsi davamlılıq, məşq və uzunmüddətli fəaliyyət tələb edir. Buna görə də biz bu ziddiyyəti İnstaqram və digər virtual platformalarda necə həll edə biləcəyimizi və Quranın əzbərlənməsini təbliğ etmək üçün bu məkanın imkanlarından necə istifadə edə biləcəyimizi araşdırmalıyıq."

4370600

Teqlər: quran ، iran ، Tələbə ، təşkilat
captcha