IQNA

20 Yanvar faciəsindən 25 il ötür

9:40 - January 20, 2015
Xəbər sayı: 2734376
Xarici şöbə: 1990-cı ilin 20 yanvarında baş vermiş "Azadlıq və İstiqlaliyyət İnqilabı" mübarizəsi bütün azərbaycanlıların çağdaş tarixinə qürur və şərəf mübarizəsi tarixi kimi daxil olub.


İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "islamazeri"yə istinadən verdiyi xəbərə görə Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 25 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.



1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğramaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.



Tarixi prizmadan yanaşdıqda, aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Xalqımız ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq üçün 1988-ci ildə öz iradəsini ortaya qoydu. Respublika vətəndaşları İttifaq mərkəzinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın milli ruhu, özünüdərk hissi yüksəlmiş, müqavimət əzmi artmışdı. Həmin dövrdən başlanan ümumxalq hərəkatı meydan epopeyası kimi yüksək zirvəyə yüksəlmişdi. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda meydan hərəkatının qarsını müəyyən qədər alsa da, xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi.



Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış 11 minlik sovet ordusu respublikamızın paytaxtı Bakı şəhərinə yeridilərkən insan hüquqlarına dair beynəlxalq sənədlər, o cümlədən “İnsan hüquqlarının ümumi Bəyannaməsi”, “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktlar, habelə keçmiş SSRİ və Azərbaycan SSR-nin konstitusiyaları kobudcasına pozuldu.



Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.



Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, erməni kursantlar da daxil edilmişdi.



SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də gecə 1-dək artıq xeyli insan öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.



Xalq öz düşmənlərini heç vaxt unutmayacaq!



IQNA olaraq 1990-cı ilin 20 yanvar hadisəsində şəhid olanların ailələrinə və bu ağır müsibət münasibətilə bütün dünya azərilərinə baş sağlığı veririk!        

Teqlər: azərbaycan ، 20 yanvar ، şəhid ، SSR
captcha