IQNA

7:47 - May 08, 2015
Xəbər sayı: 3272189
İctimai şöbə: Təkfir və lənətçilik həmişə şiələrin məsum imamları tərəfindən qınanılmış, onları şiələri vəhdətə dəvət etmiş və ictimai məsələlərdə məntiq, ağıl və əxlaq əsasında addım atmalarını istəmişlər. Onlar heç vaxt müsəlmanların ilk xəlifələrinə lənət oxumamış və şiələri də bu işə təşviq etməyiblər.


İQNA – (Beynəlxalq Quran Xəbər Agentliyi): Lənətçilik və təkfirçilik bizim İmamlarımızın (ə) sünnəsi olmayıb. Onlar heç vaxt ilk İslam xəlifələrini lənətləməyiblər. Haqqlarını həmişə elm əsasında və dəlilə söykənərək sübut ediblər. Lənətlədikləri təkcə öz zamanlarında yaşamış azğın firəqələr düzəldən və başçılıq edən adamlar olublar ki, bunun da fəlsəfəsi şiələrə xəbərdarlıq, din adına bazar açanları tanıtdırmaq və insanları o azğınların yolundan çəkindirmək olub.



İmam Kazimin (ə) İmam Əlini və o həzrətin özünü təhqir edən və söyən kişi ilə rəftarı bütün müsəlmanlara, xüsusilə də şiələrə başqa məzhəblərlə necə davranmalı olduqları barədə ən gözəl örnəkdir.  



İkinci xəlifə Ömər bin Xəttabın nəvələrindən biri İmam Kazimi (ə) hər dəfə gördükdə O həzrəti (ə) əziyyət edir və İmam Əlini (ə) təhqir edir və söyüş söyürdü. Şiələr o kişini öldürmək istədilər. Amma İmam (ə) bu işə qətiyyən razı olmadı və hətta onların bu niyyətindən narahat olduğunu da bildirdi.



İmam Kazim (ə) bir gün Ömərin nəvəsinin əkin tarlasına getdi. Kişinin orada işlədiyini görüb mindiyi qatırla tarlaya girdi.



Ömərin nəvəsi qışqırdı ki, əkinəcək yerimi qatırınla tapdalama. İmam (ə) onun sözünə baxmayıb qatırını tarlaya sürdü. O kişiyə çatanda qatırdan düşdü, üzünə təbəssüm etdi, yanında oturdu, ona səmimiyyət göstərib söhbətləşdi, onu güldürdü.



Sonra İmam ona dedi: Bu tarla üçün nə qədər xərcləyibsən?



O dedi: 100 dinar.



İmam (ə) dedi: Nə qədər qazanacağına ümid edirsən?



O dedi: Qeyb elmim yoxdur.



İmam (ə): Dedim ki, nə qədər qazanacağına ümidin var?



O dedi: Ümid edirəm ki, 200 dinar qazanam.



İmam (ə) o kişiyə içərisində 300 dinar olan bir pul kisəsi verdi və dedi: Bunu al, əkinəcəyinin gəliri də özünə qalsın. Allah-Taala bu tarladan ümid etdiyini məbləği sənə ruzi edəcək.



Ömərin nəvəsi İmamın bu rəftarını gördükdə ayağa qalxıb İmamı (ə) öpdü və etdiyi ədəbsizliyə görə İmamdan (ə) üzr və bağışlanmaq istədi.



İmam Kazim (ə) onun üzünüə gülümsədi, təbəssüm etdi.



Bu hadisədən sonra camaat Ömərin nəvəsinin hər yerdə, hər yığıncaqda və camaat namazlarında İmamı (ə) təriflədiyini görürdülər. O hətta İmama (ə) qarşı mənfi fikirdə olanlarla mübahisə də edir və İmamın (ə) tərəfini saxlayır və həmişə onlar üçün bu ayəni oxuyurdu:  اللَّهُ أَعْلَمُ حَیْثُ‏ یَجْعَلُ رِسالَتَه – Allah daha yaxşı bilir ki, "risalət"ini harda (və kimdə, hansı nəsildə) qərar verirsin! – (Ən`am/124).



Sonra İmam Musa Kazim (ə) üzünü səhabələrinə tutaraq buyurdu:  



     «أَیُّمَا کَانَ خَیْراً مَا أَرَدْتُمْ أَوْ مَا أَرَدْتُ. إِنَّنِی أَصْلَحْتُ أَمْرَهُ‏ بِالْمِقْدَارِ الَّذِی عَرَفْتُمْ وَ کَفَیْتُ بِهِ شَرَّه»



Sizin etmək istədiyiniz iş xeyirli idi, yoxsa mənim gördüyüm iş? Mən onun əxlaqını gördüyünüz kimi islah etdim və bu, (həm onu ölümdən qorudu və həm də bizi) onun şərrindən saxldı.



Allah-Taala Quran-Kərimdə buyurur: Qiyamət günü hər kəs öz imamı(nın adı) ilə çağırılacaq! – İsra/71. Əgər biz şiələr Qiyamət günü məsum imamlarımız ilə tanınmaq istəyiriksə, bütün davranışlarımızda onların yolunda olmalıyıq.  



Mənbə:



Şeyx Müfid, "Əl-İrşad", 2/234.



Əllamə Məclisi, "Biharul-Ənvar", 48/102.



P.S: Yazı Mirməhəmməd Bəşirin "Facebook" səhifəsindən iqtibas edilib.

Teqlər: müfid ، ömər ، biharul ، ənvar ، imam ، kazim ، lənət ، təkfir
Ad:
E-poçt:
* Comment:
* captcha: