Məscid tarix boyunca İslamın mənəvi, fikri, ideoloji, sosioloji və əqidəvi qərargahı və səngəri, həmişə küfr və zülm əleyhinə mübarizə aparıb, həqiqət yolçularının sığınacağı və hidayətçisi olub.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müsəlmanların tikdiyi ilk məsciddən indiyədək 12 əsr ötüb. Bu zaman kəsiyində yüzlərlə məscid tikilib, amma dünyada bu qədər məscid çoxluğuna baxmayaraq bəzi məscidlərin, xüsusi ilə də İslamın ilk əsrlərində tikilən məscidlərin xüsusi əhəmiyyəti vardır. Bunların da arasında aşağıda göstərilən doqquz məscid müsəlmanlar arasında daha önəmli, əzəməlti və əhəmiyyətlidir:
1.- Məscidul-Həram: Səudiyyə Ərəbistanın qərbində yerləşən bu məscid İslam dünyasının ən böyük, ən əzəmətli və ən mühüm məscididir ki, Məkkədə yerləşir. Bu məscidin ürəyi KƏBƏ evidir, həmçinin müsəlmanların qibləsidir. Bu məsciddə qan tökmək, savaşmaq və hər bir canlını incitmək belə haram olduğu üçün "Məscidul-Həram" adlanır.
2.- Məscidul-Əqsa: O zaman İslamın mərkəzindən uzaqda olduğu üçün Qurani-Kərimdə "Əqsa" adlandırılan bu məscid müsəlmanların ilk qibləsi və Peyğəmbərin (s) göylərə "merac" səfərini başladığı yerdir. Peyğəmbərin (s) "merac" səfərindən öncə bu məscidin adı "Beytül-Müqəddəs" olub. Bundan əlavə bu məkan bir çox qədim peyğəmbərlərin məkanı, səmavi kitabların və vəhyin nazil olduğu yer olub. Bu məkanı Allah mübarək adlandırıb və bu məsciddə bir namaz qılmaq 250 namaza bərabərdir.
3.- Quba məscidi: Allah-Taala bu məscidi Quranda tərifləyir və İlahi təqva əsasında tikilən məscid adlandırır. Bu məsciddə namaz qılmağın savabı Həcc və Ümrə ziyarətinin savabına bərabərdir. Quba məscidi Mədinənin cənub qərbində yerləşir və Peyğəmbərin (s) məscidi ilə 5 km. fasiləsi vardır. Quba məscidinin bir mehrabı, mənbəri və minarəsi vardır.
4.- Məscidin-Nəbi (s): Bu məscid hicrətin birinci ilində Mədinədə tikildi. İslamın ilk təbliğ mərkəzidir. Peyğəmbərin və İmam Əlinin (ə) evi bu məscidin divarına bitişik olub. Peyğəmbərin (s) bütün ibadi, ictimai və siyasi işləri bu məsciddə həyata keçirilirdi. Bu məscidə "Mədinənin Came məscidi", "Rəsulullah məscidi", "Nəbəvi məscidi", "Məscidur-Rəsul" və "Mədinə məscidi" də deyilir.
5.- Qibləteyn məscidi (iki qibləli məscid): "Zül-Qibləteyn" məscidi həmin məsciddir ki, Peyğəmbər (s) onda namaz qılarkən Allahdan əmr gəldi ki, qibləni Əqsa məscidindən Kəbəyə tərəf dəyiş. Bu məscid Bəni Sələmə qəbiləsinin yaşadığı yerdə yerləşirdi. Peyğəmbər (ə) həmin qəbilənin qonağı olarkən Zöhr namazını onların məscidində qıldı. İkinci rəkətdə Həzrət Cəbrayil (ə) Peyğəmbəri (s) namazda ikən Kəbəyə tərəf döndərdi. Və beləlikə bu məscid Kəbəyə tərəf namaz qılanan ilk məscid və Əqsaya tərəf namaz qılınan son məscid oldu. O zamandan da adı "iki qibləli" məscid olaraq məşhurlaşdı.
6.- "Bəni Həram Məscidi": Bu məscid Bəni Haram qəbiləsində yerləşir. Əhzab müharibəsi və Xəndəq qazılan zaman bu məsciddə Peyğəmbərin (s) möcüzəsi ilə bir qazan yemək çoxalır, bütün döyüşçülər ondan yeyir, amma yemək bişirilən qazanın yeməyi azalmır. Peyğəmbər (s) bu məsciddə namaz qılıb.
7.- Ğəmamə məscidi: Peyğəmbər (s) bu məsciddə bayram və yağış namazları qılıb. Buna görə də "müsəlla məscidi" adı ilə də məşhurdur.
8-. "Süqya məscidi": Peyğəmbər (s) bu məsciddə namaz qılıb, dəstəmaz alıb və Mədinə camaatı üçün dua etmişdir.
9.- "Səb`ə məscidi" (yeddilik): Bu məscidin daxilində altı kiçik məscid vardır və Qibləteyn məscidi də bu məscidə yaxın olduğu üçün bu kompleksə "səb`ə məscidi" deyilir.