IQNA

21:00 - April 19, 2021
Xəbər sayı: 3489651
Əxlaqın çiçəklənməsinə zəmin yaradan amillərdən biri də elm və biliyin artması, fərdlərin mərifət əldə etməsidir.
Əxlaqın çiçəklənməsinə zəmin yaradan amillərdən biri də elm və biliyin artması, fərdlərin mərifət əldə etməsidir. Məntiqi dəlillər və çoxsaylı təcrübələrlə sübut olunub ki, insanın mərifət qazanması və ilahi elmlərə yiyələnməsi nə qədər çox olsa, əxlaqi fəzilətləri də bir o qədər parlaq olar. Əksi də belədir, nadanlıq və ilahi maarifin azlığı yaxşı xislətin dayaqlarını şiddətli şəkildə sarsıdaraq əxlaqı da tənəzzülə uğradır. Bəzi alim və filosofların qeydlərinə əsasən, elm əxlaqa bərabərdir. Buna misal olaraq, Sokratın “elm və hikmət əxlaqın mənbəyidir” fikrini qeyd etmək olar. Əxlaqi rəzilliklər isə nadanlığın mənşəyidir. Elm adamları yazırlar ki, heç kim düşünülmüş şəkildə pisliyin, çirkinliyin arxası ilə getməz. Beləliklə, əgər cəmiyyətin mərifəti artarsa, bu cür insanların sağlam əxlaq sahibi olmalarına da kömək etmiş olar. Bu sözlər mübaliğəyə daha yaxın olsa da, bir həqiqəti inkar etmək olmaz ki, elm əxlaqa münbit şərait yaradan amildir. Elə buna görə də, cəhalət girdabına batan insanlar əxlaqdan daha çox uzaqdır, ilahi maarifə yiyələnmiş alimlərdə isə bu hal daha az müşahidə olunur. İstənilən halda bu iki qisim insanlarda da istisnalar mövcuddur. 
 
Qurani-Kərimdə Peyğəmbərin (s) dəvəti və göndərilməsi barədə belə buyurulur: “(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə özlərindən elçi göndərən Odur. (Bu Peyğəmbər) onlara (Allahın) ayələrini oxuyar, onları (pis əməllərdən) təmizləyər, onlara kitabı və hikməti öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər.”
 
Bu ardıcıllıqla aşkar azğınlıqdan nicat tapmaq, eləcə də əxlaqi rəzilliklərdən, günahlardan paklanmaq Qurani-Kərim ayələrini oxumaqla və əməl etməklə əldə olunur. Bu məsələ də aşkar şəkildə iki işin, yəni Quran ayələrini oxumaqla nicat tapmağın, kitab və hikmətin təlimlərinə əməl etməklə paklanmağın arasındakı rabitəni aşılayır.
Quranın həmişəyaşar ayələrində əxlaqi rəzilliklərlə cəhalət və nadanlığın rabitəsinə aid çoxlu sayda nümunələr qeyd olunmuşdur. O cümlədən:
 
1. Cahillik fəsad mənbəyi və azğınlıqdır:
 
“Nəml” surəsinin 55-ci ayəsində oxuyuruq ki, Lut peyğəmbər (ə) öz azğın qövmünə deyir: “Siz qadınları qoyub şəhvətlə kişilərin yanınamı gedəcəksiniz? Yox, siz cahil bir qövmsünüz!
 
Burada cəhalət və nadanlıq cinsi azğınlıq və əxlaqi fəsad kimi təqdim olunur.
 
2. Cəhalət cinsi azadlıq və azğınlığa səbəb olur:
 
“Yusif” surəsinin 33-cü ayəsində həzrət Yusif (ə) öz kəlamında cinsi azgınlığı cəhalətlə birgə qeyd edir: “(Yusif) dedi: Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən, mən onlara meyil edər və cahillərdən olaram.”
 
3. Cəhalət, paxıllıq amillərindəndir:
 
“Yusif” surəsinin 89-cu ayəsində oxuyuruq ki, Yusif peyğəmbər (ə) Misirin xəzinədarı olanda və qüdrət taxtında oturanda Kənan bölgəsindən buğda almağa gələn qardaşlarının qarşısına özünü tanıtmadan çıxıb belə dedi: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına (Benyamin) nələr etdiklərinizi bilirsinizmi?”
 
Yəni sizin cahilliyiniz paxıllığa səbəb oldu və paxıllığınız səbəbindən Yusifi qətlə yetirmək həvəsinə düşdünüz, ona işgəncə verdiniz və quyuya atdınız.
 
4. Cəhalət təəssübkeşlik və inadkarlığın mənşəyidir:
 
“Fəth” surəsinin 26-cı ayəsində bir ifadə diqqəti çəkir. Aydın olur ki, ərəb müşriklərinin Peyğəmbərin (s) zamanında olan kor-koranə təəssübkeşliyi onların nadanlığından nəşət tapmışdır: “(Xatırla) Kafirlər qəlblərində cahiliyyət qəzəbi və təəssübkeşliyini yerləşdirdikləri zamanı...”. 
 
5. Cəhalətlə bəhanə axtarmaq arasında bağlılıq:
 
Peyğəmbərlərin tarixi nadan ümmətlərin önündə duran yersiz bəhanə axtaranlarla doludur. Qurani-Kərim dəfələrlə buna işarə edib. Bəzən bu bağlılıqda cəhalətin izi aşkar görünür. Belə ki, “Bəqərə” surəsinin 118-ci ayəsində oxuyuruq: “Cahillər dedilər: “Nə üçün Allah bizimlə danışmır və ya bizim özümüzə bir ayə və nişanə gəlmir?” Onlardan əvvəlkilər (də) belə demişdilər. Onların qəlbləri biri-birinə bənzəyir. Şübhəsiz, biz əminliklə inananlara ayə və nişanələrimizi aydınlaşdırdıq.”
 
Burada cəhalət mənasız bəhanə gətirməkdən ibarətdir və onu göstərir ki, bu əxlaqi sapma cəhalətlə yaxın rabitədədir. Eyni zamanda çoxsaylı təcrübələr də bunu deməyə əsas verir.
 
6. Sui-zənn və bədbinliyin cəhalətlə rabitəsi:
 
“Ali-İmran” surəsinin 154-cü ayəsində “Ühüd” müharibəsinin döyüşçüləri barədə oxuyuruq: “Bu qəm-qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir yuxu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: Bu işdə bizim üçün bir şey varmı? – deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar.”
 
Şübhəsiz, sui-zənn əxlaqi rəzilliklərdən hesab olunur. Fərd və cəmiyyət üçün bir çox fəsadların mənşəyidir. Bu ayədə cəhalətlə sui-zənnin rabitəsi aşkar şəkildə göstərilir.
 
7. Ədəbsizlik cəhalətdən qaynaqlanır:
 
Qurani-kərim “Hucurat” surəsinin 4-cü ayəsində Peyğəmbərə (s) böyük məqamına rəğmən, ehtiram etməyənləri nadan və düşüncəsiz olaraq təqdim edilir. Buyurulur: “Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxunun ağlı kəsmir.”
 
Bu ayə vaxtlı-vaxtsız Peyğəmbərin (s) evinin qarşısına gəlib uca səslə “Ey Muhəmməd, çölə çıx, səninlə işimiz var”, – deyə qışqıran şəxslər barədə nazil olub. Həzrət Peyğəmbər (s) onların bu ədəbsizliyindən çox əziyyət çəkirdi. Amma həya etdiyi üçün bir söz demədən sakit qalırdı. Bu ayə nazil olaraq Peyğəmbərlə (s) danışmağın və ona müraciətin qaydalarını öyrətdi. Ayədə keçən “çoxunun ağlı kəsmir” cümləsi mülayim formada ifadə olunur. Belə ki, bu cür ədəbsiz davranış əsasən düşüncənin azlığından qaynaqlanır.
 
8. Cəhənnəm əhli cahildir:
 
Sözsüz, Cəhənnəm yolunun yolçuları çirkin əməl və rəzil əxlaq sahibləridir. “Əraf” surəsinin 179-cu ayəsində oxuyuruq: “Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.”
 
Qurani-Kərimin bu və bir çox digər ayələrində cəhalət, əməl və bəd əxlaqın rabitəsi aşkar surətdə bəyan olunur.
 
9. Nifaq və pərakəndəlik cəhalətdən qaynaqlanır:
 
Quranın “Həşr” surəsinin 14-cü ayəsi yəhudilərdən olan bir qəbiləyə (Bəni-Nəzirə) işarə edərək buyurur ki, aralarında olan ixtilaf və pərakəndəliyə görə (zahirdə bunu biruzə verməsələr də) müsəlmanların qarşısında aciz qaldılar. Ayədə buyurulur: “Onların hamısı sizə qarşı yalnız hasarları olan şəhər və kəndlərdə, yaxud (qalaların, ya evlərin) divarlar(ının) arxasında döyüşərlər. Zor-gücləri öz aralarında şiddətlidir. (Lakin siz möminlərin müqabilində zəifdirlər). Onların əlbir olduqlarını sanırsan, halbuki qəlbləri dağınıqdır, bunun səbəbi onların düşüncəsiz bir qövm olmasıdır.”
 
Bu minvalla, onların nifaq və pərakəndəliyi əxlaqi rəzilət hesab olunur, onların cahil və nadan olmalarını göstərir.
 
Nəticə: Bu on bənddən ibarət qeyd etdiyimiz məsələlər bir aspektdən elm və fəzilətin çoxsaylı rabitəsini çatdırır. Digər tərəfdən də cəhalət və rəzilliyin geniş rabitəsini izah edir. Bütün bunlar bizi bu rabitələrlə tanış edən geniş həcmli Qurani-kərimin ayələrindən yalnız bir qismidir 
 
Qeyd etməliyik ki, burada “elm və mərifət” dedikdə, texniki fənlər və maddi məsələlər barədə biliyə yiyələnməyi deyil, əksinə “elm və mərifət” dedikdə, yüksək insani keyfiyyətlər, saf təlimlər, mənəviyyat və ilahi maarif nəzərdə tutulur. (“Quranda əxlaq”, Ayətullah Məkarim Şirazi, səh.157-162.)
 
Maide.az – Maarif bölümü
Teqlər: Quran ، Ramazan ، müsəlman ، İslam
Ad:
E-poçt:
* Comment:
* captcha: