“İQNA”-nın Bağdaddan verdiyi xəbərə görə, Nəcəfül-əşrəf elmi hövzəsinin tanınmış alimi və Bağdadın imam cüməsi Ayətullah Seyid Yasin Musəvi bu həftəki cümə namazının xütbələrində bildirib ki, ABŞ qüvvələri İraqın müdafiəsində heç bir rol oynamayıb, sadəcə sionist rejimin mənafelərini təmin etməklə məşğul olublar.
Onun sözlərinə görə, çıxarılan qüvvələrin bir qismi Şərqi Suriyaya göndərilib, digər qismi isə İsrailin təhlükəsizlik, kəşfiyyat və iqtisadi sahələrdə təsirinin açıq şəkildə göründüyü Ərbil bölgəsində yerləşdirilib.
Bağdad imam cüməsi İsrailin İraqa və ya Həşdüş-Şəbi qüvvələrinə hücum edəcəyi ilə bağlı ehtimallara cavab olaraq deyib: “Heç bir hücum olmayacaq. Bu təhdidlər İraq xalqında əsla nigarançılıq yarada bilməz. İsraillilər bu cür qarşıdurmaya girmək gücündə deyillər.”
O, bu barədə məlumatlarının qəti olduğunu bildirərək əlavə edib: “İraq əleyhinə hər hansı ehtimal olunan təcavüz cavabsız qalmayacaq. Necə ki, qardaşlarımız İranda vurğulayıblar, İraqa endiriləcək hər zərbə bizim meydana girməyimizlə qarşılanacaq və israillilər belə bir savaşa girməyə cəsarət etməyəcəklər.”
Ayətullah Musəvi xütbəsinin başqa bir hissəsində İraq Ali Seçki Komissiyasının yüzlərlə namizədin namizədliyini ləğv etmək barədə son qərarına toxunaraq bildirib ki, bu addım onların məhkəmə işləri və Bəəs partiyası ilə əlaqələrinə görə atılıb.
O, bəzi bəəsçi simaların yenidən dövlətin yüksək vəzifələrinə qayıtmasını ölkənin siyasi və inzibati uğursuzluqlarının əsas səbəblərindən biri adlandırıb.
Həmçinin Qəzza xalqının sionist rejimin bombardmanı və mühasirəsi altında yaşadığı ağır vəziyyətə işarə edərək, bu durumu “təsvirolunmaz bir fəlakət” adlandırıb və Benyamin Netanyahunun “Böyük İsrail” layihəsi çərçivəsində Qəzzanı ilhaq etməyə çalışdığı barədə xəbərdarlıq edib.
O əlavə edib ki, sionist dairələrin dərc etdiyi və İraqın bəzi əraziləri ilə yanaşı digər ərəb ölkələrini də əhatə edən xəritələr bölgə üçün təhlükənin dərinliyini göstərir.
Bağdad imam cüməsi sonda vurğulayıb ki, “İraq, Livan və Fələstində müqavimət silahı öz effektivliyini sübut edib” və İraq siyasi cərəyanlarını prinsiplərə sadiq qalmağa, işğalçıların davamlı varlığı üçün edilən təzyiq və sövdələşmələrə boyun əyməməyə çağırıb.
4301362