“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, Avstraliya rəsmiləri İsrail Knessetinin üzvü Simxa Rotmanın Melburnda yəhudi icmasının tədbirində iştirak etmək üçün bu ölkəyə səfər etməsi üçün verilmiş giriş vizasını fələstinlilərə qarşı bəyanatlarına görə ləğv ediblər.
Haaretz yazıb ki, bu qərara əsasən Knessetin Konstitusiya, Hüquq və Ədalət Komitəsinin sədri olan Rotman üç il ərzində yeni viza üçün müraciət edə bilməyəcək.
Avstraliya rəsmiləri bildiriblər ki, onun vizasının ləğv olunması sosial şəbəkələrdəki çıxışları və ictimai mövqeləri ilə bağlıdır. Bu mövqelər partiyasının siyasətini əks etdirir, o cümlədən işğal olunmuş ərazilərin genişləndirilməsi tələbləri, hazırkı müharibə dövründə Qəzzada fələstinlilərə qarşı törədilmiş cinayətlərin inkarı və həmçinin HƏMAS-ın ləğvi çağırışları.
Vizanın ləğvini həyata keçirən Avstraliya Daxili İşlər Nazirliyi vurğulayıb ki, Rotmanın bu ölkədə iştirakı idarəçilikdə və ictimai asayişin qorunmasında pozuntular yarada, eləcə də Avstraliya cəmiyyətində sosial parçalanmalara səbəb ola bilər.
Avstraliya daxili işlər naziri Toni Burk Sky News-a deyib ki, hökumət nifrət və parçalanma mesajları yayan hər kəsin ölkəyə girişinə mane olacaq. O əlavə edib: “Əgər belə mesajlarla Avstraliyaya gəlirsinizsə, burada qarşılanmayacaqsınız.”
Qadağa qərarından qəzəblənən Rotman bunu “aşkar antisemitizm” adlandırıb. O, Yedioth Ahronoth qəzetinə verdiyi açıqlamada iddia edib ki, Avstraliya hökuməti terrorizm qarşısında təslim olmağı seçib. Bu Knesset üzvü əlavə edib ki, belə addımlar sülh gətirməyəcək, əksinə müharibə tərəfdarlarının iştahını artıracaq və bu qərarın bədəlini həm Avstraliya, həm də oradakı yəhudi icması ödəyəcək.
Qeyd edək ki, bundan əvvəl də Avstraliya keçmiş sionist nazir Ayelet Şakedin və İsrail-Amerika əlaqələri üzrə fəal Hillel Fulddun vizasını ləğv etmişdi.
4300563