“Anadolu” xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə Diyanət İşləri Başkanı Əli Ərbaş bildirib ki, Qəzza və Qüds məsələsi sadəcə fələstinlilərə aid deyil, bütün müsəlmanlara və ümumilikdə dünyaya aiddir.
O, bu sözləri İstanbul şəhərində keçirilən və “Qəzza – İslami və insani məsuliyyət” şüarı altında Dünya Alimlər Birliyi və Türkiyədəki İslam Alimləri Vəqfi tərəfindən təşkil olunan “Qəzza Konfransı”nın ikinci günündəki çıxışında deyib.
Ərbaş çıxışında qeyd edib ki, bu konfrans İslam ümmətini və dünyanı Qəzzadakı ədalətsizliyə qarşı birləşdirmək və səfərbər etmək məqsədi daşıyır. O, vurğulayıb ki, Qəzza və Qüds yalnız fələstinlilərin məsələsi deyil.
O əlavə edib: “Yeganə həll yolu İslam ümmətinin birləşməsi və zülm və işğala qarşı dayanmasıdır. Bu gün dünyanın hər yerində vətəndaş cəmiyyəti təşkilatları, müxtəlif dinlərə mənsub olanlar, akademiklər, incəsənət xadimləri, idmançılar və vicdanlı insanlar sionist rejimə qarşı mövqe sərgiləyirlər.”
Ərbaş əminliklə bildirib ki, bu qlobal mövqe zalımlara qarşı qalib gələcək və o, Fələstində sülhün bərqərar olacağı vaxta qədər mübarizənin davam edəcəyini vurğulayıb.
Türkiyə Diyanət İşləri Başkanı əlavə edib: “Fələstin azad olmayınca, heç bir addım kifayət etməyəcək. Ona görə də, biz hər dəqiqəni sadəcə danışmaq və ya qınamaqla keçirsək, Qəzzada bir günahsız insan daimi olaraq məhv edilir. Hər məsuliyyətsiz və qeyri-realist cavab zalımları yeni qətliamlar törətməyə daha da cəsarətləndirir.”
O vurğulayıb: “İslam ümməti birləşəndə Qəzza, Fələstin, fələstinli əsirlər və bütün İslam ümməti coğrafiyası sülhdən bəhrələnəcək.”
Ərbaş bəyan edib: “Qüds, Qəzza və Fələstin azad olunanda bölgədə və dünyada sülh və əmin-amanlıq bərqərar olacaq. Nəticədə qələbə möminlərin olacaq. Uca Allahdan istəyirik ki, bizi öz yolunda sabitqədəm etsin və bizi zalımlar üzərində qalib etsin.”
Digər tərəfdən, İslam Alimləri Vəqfinin rəhbəri professor Nasrullah Hacı Müfti oğlu bildirib ki, insanlıq Qəzzada yanır və bu atəşi yandıran qatillər dayandırılmalıdır.
O əlavə edib ki, İslam alimləri bu konfransda Qəzza fələstinlilərinin səsini dünyaya çatdırmaq üçün bir araya gəliblər.
Konfrans cümə günü başlayıb və avqustun 29-dək davam edəcək. O, Ayasofya məscidində cümə namazından sonra yekun bəyanatın oxunması ilə sona çatacaq.
4301390